Cəmiyyət 

Tərkibində trans yağ var, amma yenə də satılır – nəzarət haradadır? – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə satışda olan bəzi duru yağların etiketində Trans fat tərkibinin açıq şəkildə göstərilməsi ciddi suallar doğurur. İnsan sağlamlığı üçün zərərli olduğu elmi şəkildə sübut edilmiş bu maddənin birbaşa məhsul üzərində qeyd olunmasına baxmayaraq, həmin yağların supermarketlərdə sərbəst şəkildə satılması diqqət çəkir. Bir çox ölkələrdə istifadəsi məhdudlaşdırılan və ya qadağan edilən trans yağların yerli bazarda açıq satışda olması nəzarət mexanizmləri və mövcud qaydaların tətbiqi ilə bağlı müzakirələri gündəmə gətirir.
Tərkibində trans yağ var, amma yenə də satılır - nəzarət haradadır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, duru (maye) yağlarda “trans yağ var” məsələsi belədir.

1. Trans yağlar qanunla tam qadağandırmı?

Bir çox ölkədə trans yağlar tam qadağan olunmayıb, amma ciddi məhdudlaşdırılıb. Avropa Birliyi ölkələrində sənaye mənşəli trans yağların miqdarı 100 qram yağda maksimum 2 qram (2%) ilə məhdudlaşdırılıb. Bir çox inkişaf etmiş ölkələrdə də oxşar limitlər tətbiq olunur. Eyni zamanda bizdə də bu belədir.

2. Duru yağlarda trans yağ hansı şəkildə var?

Normal halda bitki yağlarında (günəbaxan, qarğıdalı və s.) trans yağ olmur və ya çox minimal olur. Amma yağlar yüksək temperaturda emal olunanda (rafinasiya zamanı) və ya qismən hidrogenləşmə prosesi tətbiq ediləndə az miqdarda trans yağ yarana bilər. Bu miqdar çox vaxt ya qanuni limitdən aşağı olur, ya da etiketdə “0 q” kimi göstərilə bilir.

3. Bəs bu yağlar niyə ölkəyə daxil olur?

Əgər məhsul beynəlxalq standartlara uyğundursa, tərkibindəki trans yağ limitdən aşağıdırsa onun idxalı və satışı qanuni hesab olunur.

4. Əsas risk haradadır?

Ən böyük risk marqarinlərdə, qismən hidrogenləşdirilmiş yağlarda, ucuz qənnadı məhsullarında və fast food məhsullarında olur. Duru, saf bitki yağları isə bu baxımdan daha təhlükəsizdir, amma çox qızdırmaq (təkrar-təkrar istifadə) trans yağ yaranmasını artıra bilər.

Trans yağlar tam yox, limitlərlə idarə olunur. İdxal olunan yağlar da bu limitlərə uyğundursa, satışına icazə verilir.

Amma istehlakçı olaraq
– “partially hydrogenated oil” (qismən hidrogenləşdirilmiş) yazısına diqqət etmək.
– yağları çox qızdırmamaq
– keyfiyyətli brend seçmək.
– mənşəyi məlum olmayan duru günəbaxan, qarğıdalı yağlarından tamamilə imtina etmək ən düzgün yanaşmadır.

Sağlam qidalanaraq sağlam yaşayın!

Müəllif: İlkin Məmmədkərimov

Daha çox xəbərlər