Hadisə 

Narkotik, silah və cinayət şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat

Son günlər ölkənin müxtəlif rayonlarında polis əməkdaşları tərəfindən keçirilən ardıcıl əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq cinayətləri, dələduzluq və silah saxlama kimi əməllər ifşa olunub.

Masallı Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı 24 yaşlı Pirali Ağayev saxlanılıb. Onun üzərindən ümumilikdə 14 kiloqram narkotik vasitə olan marixuana, heroin və tiryək aşkarlanıb. İlkin ifadəsinə görə, saxlanılan şəxs narkotikləri paytaxta gətirərək satışını təşkil etməyi planlaşdırıb. Fakt üzrə cinayət işi başlanılıb. Sabunçu rayonunin Bakıxanov qəsəbəsində isə “KIA” markalı avtomobillərdən ardıcıl oğurluq edən 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıb. Müəyyən edilib ki, onlar bir neçə avtomobildən pul, bank kartları və sənədlər oğurlayıblar. Oğurluq halları müşahidə kameraları vasitəsilə anbaan qeydə alınıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırmalar davam etdirilir.

Oğuz Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Pərviz Mahmudov və Xanlar Abdullayev saxlanılıb. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini etiraf ediblər. Barələrində həbs qətimkan tədbiri seçilib. Son sutkalar ərzində həyata keçirilən digər əməliyyatlar da cinayətkarlığın müxtəlif istiqamətlərini əhatə edib. Aprelin 29-da itkin düşmüş kimi axtarılan 4 nəfər tapılaraq ailələrinə təhvil verilib. Dələduzluq cinayətlərinə görə axtarışda olan 10 nəfər saxlanılıb.

Ümumilikdə 9,6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Qanunsuz silah saxlama faktları üzrə 13 avtomat silah, 1 tapança, 2 qumbara, 4 tüfəng və yüzlərlə patron götürülüb. Daxili İşlər Nazirliyi bütün bu istiqamətlər üzrə əməliyyat və profilaktik tədbirlərin davam etdiyini bildirib. Masallıdan Oğuza, Bakıdan Sabunçuya qədər uzanan bu əməliyyatlar göstərir ki, cinayət şəbəkələri müxtəlif istiqamətlərdə fəaliyyət göstərməyə çalışsa da, polis nəzarəti və əməliyyat tədbirləri paralel şəkildə gücləndirilir. Narkotik, silah və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə isə ölkə üzrə sistemli xarakter alıb.

E.Məmmədəliyev,
Musavat.com

Daha çox xəbərlər