İşğaldan Zəfərə: Azərbaycanın böyük dönüş hekayəsi
Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb və taleyüklü dövrlərinə nəzər saldıqda aydın görünür ki, dövlətimizin bu gün gəlib çatdığı güc və sabitliyin əsasında uzaqgörən siyasi kurs, güclü liderlik və xalq-iqtidar birliyi dayanır. Xüsusilə 1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi ağır sınaqlar fonunda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında həlledici rol oynadı. Sonrakı mərhələdə isə Prezident İlham Əliyev həmin siyasi kursu qətiyyətlə davam etdirərək torpaqlarımızın işğaldan azad olunmasına və ölkənin tam suverenliyinin bərpasına nail oldu.
1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Dövlət idarəçiliyində peşəkarlığın olmaması, daxili çəkişmələr, özbaşınalıq və anarxiya ölkəni dərin böhrana sürükləmişdi. Həmin dövrdə Şuşa, Laçın və Kəlbəcərin işğalı Azərbaycanın tarixində ən ağır səhifələrdən biri kimi yadda qaldı. Orduda nizamsızlıq, siyasi intriqalar və məsuliyyətsiz qərarlar düşmənin planlarını asanlaşdırdı. Heç bir təcrübəsi və biliyi olmayan şəxslərin yüksək vəzifələrə gətirilməsi dövlət aparatını iflic vəziyyətinə salmışdı. O dövrdə müdafiə naziri olmuş Rəhim Qazıyev kimi şəxslərin populist çıxışları və sonradan məsuliyyətdən yayınması həmin hakimiyyətin mahiyyətini açıq şəkildə göstərdi.
AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmış, Azərbaycan parçalanma həddinə çatmışdı. Belə bir ağır məqamda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etdi, dövlətçiliyi xilas etdi və Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Məhz onun siyasi uzaqgörənliyi nəticəsində ölkədə nizami ordu quruculuğuna başlanıldı, iqtisadi və siyasi sabitlik təmin olundu.

Uzun illər ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində heç bir real nəticə ortaya qoya bilmədi. Əksinə, müxtəlif dairələr öz maraqlarına uyğun şəkildə münaqişənin dondurulmasına çalışır, Azərbaycana təzyiqlər göstərirdilər. Lakin Prezident İlham Əliyev qətiyyətli siyasəti, prinsipial mövqeyi və uğurlu diplomatiyası ilə bütün maneələri mərhələli şəkildə dəf etdi. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq torpaqlarımızı işğaldan azad etdi. Bu qələbənin əsasında yalnız hərbi güc deyil, həm də illərlə aparılmış məqsədyönlü siyasət, peşəkar ordu quruculuğu və xalq-iqtidar birliyi dayanırdı.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın tam suverenliyinin bərpasını təmin etdi. Bu uğur Prezident İlham Əliyevin güclü iradəsinin, peşəkar siyasi xəttinin və illərlə görülmüş taktiki işlərin nəticəsi idi.

Prezident İlham Əliyev illər əvvəl Azərbaycanın öz tarixi torpaqlarına qayıdacağını bəyan etmişdi. Bu gün həmin vədlərin reallığa çevrildiyini görürük. İşğaldan azad olunmuş ərazilərdə, xüsusilə Zəngilan da daxil olmaqla bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı quruculuq işləri həyata keçirilir.

Böyük Qayıdış proqramı uğurla icra olunur, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, yeni yaşayış məntəqələri, yollar, məktəblər və sosial obyektlər inşa edilir.

Millət vəkili Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi nəsilbənəsil hər bir azərbaycanlının arzusu olub.

Deputat bildirib ki, böyük imperiyanın tərkibində olmağımız, müstəqilliyimizin qarşısının bütün cəhdlərlə alınması ciddi problemlər yaradıb:
“1990-cı illərin əvvəlində aydın məsələ idi ki, SSRİ-nin ömrü çox qalmayıb. Lakin bununla belə, imperiyanın beyin mərkəzi çalışırdı ki, bu respublikaları özünün təsiri altında saxlasın. Azərbaycan isə Şərqlə Qərbin qapısı idi. Böyük neft ehtiyatlarına malik idi. Enerji resurları böyük əhəmiyyət daşıyırdı. Azərbaycanın aparacağı siyasət sonradan Qafqazın taleyini həll edəcəkdi. Buna görə də məqsədli şəkildə Ulu Öndər Heydər Əliyevi böyük siyasətdən uzaqlaşdırmaq istəyirdilər. Moskvanın tapşırığı ilə onun Bakıda məskunlaşmasına imkan verilmədi. Bunun əvəzində hakimiyyətə hazırlıqsız qrupların gəlməsi üçün bütün şərait yaradıldı. Nəticədə baş verənlər 90-cı illərin məlum tarixinin yaranmasına səbəb oldu. 1990-cı ildə müstəqilliyimiz bərpa olunsa da, hakimiyyətə hazırlıqsız komandaların gəlməsi Azərbaycanda çox ciddi problemlərə yol açdı. Moskvaya bağlı Ayaz Mütəllibovun, ondan sonra isə hazırlıqsız AXC-Müsavat komandasının hakimiyyətdə olması torpaqlarımızın işğalına yol açdı. Çünki ökəmizdə ciddi və müstəqillikdən istifadə edə bilən hakimiyyət yox idi. Ölkə böyük qüvvələrin çarpışma meydanına çevrilmişdi. 1993-cü ilin iyun hadisələri onu göstərdi ki, Azərbaycanı daha da ağır bir vəziyyət gözləyir. Ancaq Heydər Əliyev faktoru bu çirkin planların həyata keməsinə imkan vermədi. 1990-cı ilin əvvəlində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etməsi, orada müəyyən islahatlar keçirməsi xalqın ona olan inamını daha da gücləndirdi. Beləliklə, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilk növbədə Azərbaycanın müstəqiliyini itirməsinin qarşısını aldı. Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qorudu. Azərbaycan buna doğru gedirdi. Onun hakimiyyətə gəlməsi cəmiyyətdə birlik modelini yaratdı və torpaqlarımızın işğalının genişlənməsinin qarşısını aldı. Təbii sərvətlərin xarici qüvvələrin təsiri altına keçməsinə imkan vermədi. Bütün bunların hər biri geniş hadisə idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi atəşkəsin imzalanmasına, resurslarımızın bir yerə toplanmasına səbəb oldu. 1995-ci ildə demokratik Konstitusiyanın qəbul edilməsi, bir-birinin ardınca inqilabi islahatların keçirilməsi yeni Azərbaycanın yaranmasına səbəb oldu”.

Deputatın sözlərinə əsasən, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hüquq sistemində ciddi dəyişikliklər edilib:
“Mətbuat üzərində dövlət senzurası götürüldü. Ölüm hökmünün ləğv edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda daha çox demokratik prinsiplər tətbiq edilməyə başlandı. Ölkəmizdə Avropa dəyərləri üçün geniş qapılar açıldı. Nəticədə Azərbaycanda demokratik mühit formalaşdı. Azərbaycan neftinin dünya bazarına çıxarılmasında Rusiya variantına alternativ olaraq Bakı-Tibilisi-Ceyhan kəmərinin istifadəyə verilməsi Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qorunmasında fəal iştirakçılardan birinə çevirdi. Azərbaycan dünya siyasətində böyük rol oynamağa başladı.
Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də onun özündən sonra Azərbaycanın gedəcəyi strateji yolu müəyyənləşdirməsi idi. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyevdir. Onun hakimiyyətə gəlişi ilə Heydər Əliyevin uğurları davam etdirildi. Azərbaycan Vətən müharibəsinə ciddi hazırlıq gördü. Aparılan siyasət torpaqlarımızın azad olunmasına gətirib çıxardı.

İndiki Azərbaycan Ulu Öndərin siyasi düşüncəsinin nəticəsidir. Vaxtı ilə Azərbaycana düşmən mövqedə olan xarici dövlətlər, müəyyən qüvvələr indi Azərbaycanla əlaqələr yaratmaq üçün cəhdlər edirlər”.
Şahanə Rəhimli
Musavat.com

