Gündəm 

“Sülh varsa, Aİ missiyası niyə lazımdır?” – Bakıdan Parisə MESAJ

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşü zamanı Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi, regionda formalaşan yeni geosiyasi reallıqlar və bu sabitliyi pozmağa çalışan xarici qüvvələrlə bağlı mühüm mesajlar səsləndirib. Dövlət başçısı vurğulayıb ki, hazırda iki ölkə arasında yaranmış sülh mühitinin təşəbbüskarı və əsas təminatçısı Azərbaycan olub və əldə edilən nəticələr ölkənin siyasi iradəsi və gücü sayəsində mümkünləşib. Prezident çıxışında həmçinin bəzi beynəlxalq aktorların və Avropa İttifaqı missiyasının regiondakı fəaliyyətinə toxunaraq, bu cür mexanizmlərin sülh prosesinə töhfəsindən daha çox gərginlik yarada biləcəyi barədə mesaj verib.

bWVa8eN11dRKt11BMITcTTchLrA65fgzHoz8p40l_1200.jpg (55 KB)

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a danışıb:

“Azərbaycan Prezidenti Zəngilana səfəri zamanı bir çox mühüm məsələlərə toxundu və 30 illik işğal dövründə ATƏT-in fəaliyyətinin effektiv olmamasını xüsusilə vurğuladı. Dövlət başçısı ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər birinin öz maraqlarına uyğun şəkildə erməni işğalını əsaslandırmağa çalışdığını və məhz buna görə də problemin həll olunmadığını bildirdi. Bu fikirlər həm tarixi həqiqətləri əks etdirir, həm də ATƏT-in Minsk qrupunun iç üzünü ifşa edən ciddi siyasi qiymətləndirmədir. Çünki ATƏT fəaliyyət göstərdiyi bütün dövrlər ərzində, 30 illik müddət boyunca nəinki Qarabağ problemini həll etmək istiqamətində real iradə nümayiş etdirmədi, eyni zamanda Qarabağ ətrafında olan işğal edilmiş 5 rayonun da Ermənistanın nəzarətində qalmasına dolayısı ilə şərait yaratdı. Bu yanaşma faktiki olaraq status-kvonun qorunmasına xidmət edirdi və problemin uzanmasına səbəb oldu. Eyni zamanda Laçın dəhlizini “Şimali Qarabağ” kimi uydurma bir terminlə təqdim etməyə cəhd göstərərək Ermənistanla işğal olunmuş ərazilər arasında yeni bir siyasi və coğrafi körpü yaratmağa çalışırdılar. Bu da ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində ortaya çıxan ziddiyyətli və qeyri-obyektiv yanaşmalardan biridir. Bu gün isə oxşar missiyanı Avropa İttifaqı həyata keçirməyə çalışır”.

BABAO.jpg (315 KB)

Millət vəkili qeyd edib ki, Avropa İttifaqının Ermənistana göndərdiyi missiya ATƏT-in Minsk qrupunun bacarmadığını “davam etdirməyə” cəhd göstərir:

“Yəni münaqişənin yenidən gündəmə gətirilməsi üçün arqumentlər formalaşdırmağa çalışır və bunu beynəlxalq hüquqa, beynəlxalq ictimai rəyə problemin hələ də həll olunmadığı kimi təqdim etməklə əsaslandırmağa cəhd edir. Bu isə faktiki olaraq vəziyyətə yeni gərginlik elementləri gətirən yanaşma kimi qiymətləndirilir. Buna görə də əlbəttə, Prezidentin qeyd etdiyi kimi, bu proses özünəməxsus “səlib yürüşü” xarakteri daşıyır. Silahsız, lakin informasiyaya və manipulyasiya olunmuş hüquqi arqumentlərə əsaslanan bu yanaşma bu gün Ermənistana göndərilən Avropa İttifaqı missiyasının fəaliyyətində özünü göstərir. Onların əsas “silahı” informasiya və beynəlxalq hüququn selektiv şəkildə şərh edilməsidir. Ona görə də Azərbaycan belə yanaşmalara yol verə bilməz və verməyəcək. Cənab Prezident də bu məsələyə xüsusi olaraq toxunub”.

Hikmət Babaoğlu vurğulayıb ki, bu missiyanın arxasında da Fransa dayanır:

“Fransa çalışır ki, Rusiyanın təsir dairəsindən və keçmiş forpost rolundan tədricən uzaqlaşan Ermənistanı özünün yeni siyasi təsir məkanına çevirsin. Lakin bu cəhdlərin nəticə vermədiyi aydındır. Çünki Prezidentin də qeyd etdiyi kimi, öz ölkəsində cəmi 10–15 faiz reytinqə malik olan siyasi rəhbərin başqa bir ölkədə yeni “koloniya” və ya təsir mexanizmi qurması real deyil. Dünyanın müxtəlif yerlərində Fransanın keçmiş koloniyaları bu gün artıq Fransaya qarşı açıq şəkildə etiraz və müqavimət nümayiş etdirirlər. Bu reallıq fonunda Azərbaycan da həmin region xalqlarına müxtəlif formalarda dəstək göstərir və beynəlxalq ədalətin təmin olunmasına töhfə verir.

ZENGİL.jpg (131 KB)

Bu gün Prezidentin də qeyd etdiyi kimi, Cənubi Qafqazda sülhü yaradan da Azərbaycandır, onu qoruyan da Azərbaycandır, bütövlükdə regionda sülh və təhlükəsizliyi təmin edən əsas dövlət də Azərbaycandır. Buna görə də nə Ermənistandakı radikal dairələr, nə də Avropa İttifaqının missiyası regionda “müsbət nəticələrə” ümid etməlidir. Çünki Azərbaycan regionda yenidən münaqişə və müharibələrin baş verməsinə heç bir halda imkan verməyəcək”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər