Zəngilandan Ermənistana SON ŞANS ismarışı – Prezident barışığın ƏSAS şərtini dedi
Dünən – mayın 10-da Prezident İlham Əliyev Zəngilanda sakinlərlə görüşdə köhnə “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı bir neçə mühüm məsələyə toxunub. Bölgədə daimi sülh və əməkdaşlığın bərqərar olması üçün gərəkən mesajlarını verib.
Prezident bu xüsusda ATƏT-in Minsk Qrupunun (MQ) yarıtmaz fəaliyyətindən danışıb. Ötən ilin dekabrından de-yure tarixin zibilliyinə atılmış bu üzdəniraq quruma həmsədr ölkələrin (Rusiya, ABŞ, Fransa) hərəsinin öz marağına görə işğalı rəsmiləşdirmək istəməsinə, ölkəmizə təzyiqlər göstərilməsinə təzədən diqqət çəkib.
Sitat: “44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”.
Ən absurdu odur ki, indi də BMT TŞ-nin daimi üzvləri olan həmin üç dövlət erməni işğalı ilə bağlı özlərinin qəbul elədiyi, səs verdiyi 4 qətnaməni (822, 853, 874, 884) faktiki unutmuşdu. Onları birləşdirən əsas ortaq maraq isə böyük ölçüdə “qalib” ermənilərdən öz mənafeləri naminə istifadə edib bölgədə möhkəmlənməklə bağlı idi. Təbii ki, xristian amili, Türkofobiya da öz sözünü deyirdi…

Təsadüfi deyil ki, işğal dövründə rəsmi Bakının çoxsaylı çağırışlarına rəğmən, BMT-nin qurumu olan və mənzil-qərargahı Parisdə yerləşən YUNESKO bir dəfə də olsun Qarabağa missiya göndərib ermənilərin ərazimizdə törətdikləri vandallıqları sənədləşdirmədi. Bu, onların yadına yalnız Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən və erməni əhali könüllü köç etdikdən sonra düşdü. O da mifik “erməni mədəni-tarixi irsi”ndən dolayı. Ümid edək ki, təşkilatın misirli yeni Baş direktoru fransız sələfindən fərqli olaraq, vəziyyəti yaxşıya doğru dəyişə biləcək…
Bir daha yada salaq: MQ həmsədrləri illərlə təbliğat aparırdılar ki, guya münaqişənin hərbi həlli yoxdur, Azərbaycanın hesabına kompromis tapılmalı, yəni, Bakı təslimçi sülhə razılaşıb öz ərazilərindən imtina etməli idi. Amma onların gözü qarşısında şəhərlərimiz, qəsəbə və kəndlərimiz, mədəni irsimiz dağıdılırdı, sərvətlərimiz talan edilirdi, amma buna göz yumurdular. Qanunsuz məskunlaşma, tikinti, ora axıdılan böyük vəsaitlərin mənimsənilməsinə heç bir reaksiya verilmirdi.
Nəhayət, zamanı yetişdi: Azərbaycan toparlandı, daxili həmrəyliyi təmin edib öz müzəffər lideri ətrafında birləşdi və qətnamələri özü icra etdi. Pislik özlərinə, MQ-yə qaldı. Bu mənada MQ sözsüz ki, diplomatik utanc, riyakarlıq, “ikili standartlar” və müstəmləkə təfəkkürünün təzahürü kimi diplomatiya tarixində qalacaq…

Bu da qətiyyən təsadüfi deyil ki, Bakının İrəvanla sülh müqaviləsi imzalaması üçün iki əsas tələbindən biri məhz Minsk Qrupunun de-yure ləğvi ilə bağlı idi. Özünü artıq ifşa etmiş bir qurum vasitəçiliyə iddia edə bilməzdi. Buna haqqını itirmişdi. Vasitəçiyə ehtiyac da qalmamışdı.
Son illərin təcrübəsi göstərdi ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda müxtəlif məsələlər üzrə daha tez razılığa gələ bilər, nəinki çoxtərəfli masa ətrafında. Çünki zaman göstərdi ki, vasitəçilər heç də həmişə saf məqsədlər güdmür – o ki ola Rusiya və Fransa kimi dövlətlər. Xüsusən də tərəflərdən biri türk etnosunu təmsil edirsə.
Yenə təsadüfi deyil ki, Rusiya rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə qol çəkdiyi üçün Nikol Paşinyanı indiyədək bağışlaya bilmir. Sanki Qarabağ mübahisəli bir ərazi imiş. Eləcə də Fransa, Avropa Parlamenti indiyədək sakitləşməyib. 44+1 günlük müharibədən sonra bu ikiüzlü qurum həyasızcasına ölkəmiz əleyhinə 14 qətnamə qəbul edib!..
Əfsus ki, günü bu gün də Azərbaycandan “xoxan” düzəldib erməni cəmiyyətində Türkə nifrəti körükləyən xarici qüvvələr var. Və bunlar təkcə Rusiyadakı Zatulin çaplı şovinistlər deyil, eyni amanda, Fransada, ABŞ-da, Brüsseldə mənzillənmiş, regionda daimi sülhü və əməkdaşlığı, xalqlar arasında barışığı arzulamayan, qələbəmizi, uğurlarımızı, Qarabağdakı quruculuğu və Böyük Qayıdışı həzm edə bilməyən, ermənilərdən maaş alan digər məkrli çevrələrdir.
![]()
Aİ-nin üç ildir sərhədimizdə sülənən casus missiyası da eyni sırada yer alır. Prezident özünü Ermənistana yeni havadar qismində sırıyan bu missiya haqda da onun layiq olduğu sözləri deyib: Sitat: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın “müşahidəçiləri” guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”…

Doğrudan da, ermənilərin düşməni nə Azərbaycandır, nə də Türkiyə. Olmayıb da. Ən böyük düşmən özləri. Məsələ də ondadır ki, İlham Əliyevin dünənki çıxışı Ermənistanda seçki təbliğat kampaniyası dövrünə düşməsi ilə ikiqat önəm kəsb edir. Yəni, ismarışın ünvanı ilk növbvədə səsverməyə hazırlaşan erməni cəmiyyətidir.
Əsas mesaj isə budur ki, əgər qonşu xalq həqiqətən layiqli və təhlükəsiz gələcək istəyirsə, onda Azərbaycan və Türkiyə ilə düşmənçilik səhifəsini təcili çevirməli, iyunun 7-də revanşistləri qalib etməməli və bir daha “xarici ağa”ların əlində qonşulara qarşı “maşa” olmamalıdır. Yoxsa iyun seçkiləri Ermənistanda sonuncu olacaq…
Siyasət şöbəsi,
Musavat.com

