Cəmiyyət 

Qurban bayramında hansı qaydalara əməl edilməlidir?

Qurban bayramında artan ət istehlakı, dəyişən qidalanma rejimi və gigiyena qaydalarına laqeyd yanaşılması müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, qurban əti dərhal istehlak edilməməli, porsiya nəzarətinə riayət edilməli, gündəlik kifayət qədər su qəbul edilməli və kəsim zamanı gigiyena qaydalarına ciddi əməl olunmalıdır.

Mütəxəssislərin sözlərinə görə, bayram günlərində düzgün qidalanma rejiminin qorunması həm mədə, həm də ürək sağlamlığı baxımından vacibdir. Həmçinin qurbanın kəsilməsi və saxlanılması zamanı sanitar qaydalara əməl olunmaması yoluxucu xəstəlik riskini artıra bilər.

Türkiyəli mütəxəssis Esin Korkut qeyd edib ki, yeni kəsilən ət dərhal yeyilməməli, ən azı 12 saat dincə qoyulmalıdır. Onun sözlərinə görə, ət mümkün qədər zəif odda və öz suyunda bişirilməli, əlavə yağ istifadəsindən qaçınılmalıdır. Əks halda reflüks və digər həzm problemləri yarana bilər. Mütəxəssis qazlı içkilərdən uzaq durmağı və şirniyyat seçimində südlü məhsullara üstünlük verilməsini tövsiyə edib.

Hüsrev Diktaşın sözlərinə görə, qurban kəsimindən istehlakına qədər bütün mərhələlərdə gigiyena qaydalarının qorunması həyati əhəmiyyət daşıyır. O qeyd edib ki, istifadə olunan bıçaqlar, kəsmə lövhələri və əllərin təmizliyi xüsusi diqqətdə saxlanılmalıdır: “Ətin günəş altında saxlanılmaması, soyuducuda dincə qoyulması və yaxşı bişirildikdən sonra istehlak olunması vacib hesab edilir. Bundan əlavə, dondurulmuş ətin əridildikdən sonra yenidən dondurulmaması tövsiyə olunur.”

Dietoloq Ayşenur Karaca isə balanslı qidalanmanın vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, qırmızı ət səhər yeməyində deyil, daha çox nahar zamanı qəbul edilməlidir. Boşqabın əsas hissəsini tərəvəz və lifli qidalar təşkil etməli, istehlak olunan ətin porsiyası isə təxminən 100-150 qramla məhdudlaşdırılmalıdır.

Həkim Sümeyra Acar Kurtuluş bayram günlərində ən çox rast gəlinən problemlərdən birinin kəsici alətlərlə yaranan xəsarətlər olduğunu bildirib. O qeyd edib ki, kiçik kəsiklər zamanı yara əvvəlcə təmiz su ilə yuyulmalı, daha sonra təmiz parça ilə təzyiq göstərilməlidir. Xalq arasında yayılan tomat pastası, kül və ya tütün sürtmək kimi üsullardan istifadə edilməməsi tövsiyə olunur. Ciddi xəsarətlər zamanı isə vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməlidir.

Şahnigar Əhmədova, “İki sahil”

Daha çox xəbərlər