Buğda idxalı artdı – Bol yağışlar xaricdən asılılığı azaldacaq?
Buğda Azərbaycanda strateji əhəmiyyət daşıyan əsas ərzaq məhsullarından biridir. Lakin statistik rəqəmlər göstərir ki, ölkənin bu məhsul üzrə idxaldan asılılığı hələ də yüksək olaraq qalır.
2026-cı ilin yanvar-aprel ayında Azərbaycan 445 537.16 ton buğda idxal edib. Musavat.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 99 milyon 608 min ABŞ dolları təşkil edib. 2025-ci ilin ilk 4 ayında isə Azərbaycana 90 milyon 536 min dollar dəyərində 419 105.45 ton buğda idxal edilmişdi. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.3%, dəyər baxımından isə 10% artıb.
Bəs artımın arxasında hansı səbəblər dayanır? Bu il bol yağan yağışlar və əlverişli hava şəraiti yerli istehsalda dönüş yarada bilərmi? Azərbaycan strateji məhsul üzrə idxaldan asılılığı azaltmaq gücündədirmi?

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Ölkəmizdə taxıl istehlakı 3 milyon tona yaxınlaşır və bunun təxminən 50-60 faizi xarici ölkələrdən idxal olunur. Bu da sözsüz ki, qiymətləri xarici bazarlardan asılı vəziyyətə salır. Ölkəmizdə taxıl istehsalı üçün müəyyən əlverişli şərait mövcuddur. Lakin bəzi təbii və texniki səbəblərə görə taxıla olan tələbat tam şəkildə ödənilmir. Buna əsas səbəblərdən biri su çatışmazlığı və zəruri şəraitlərin tam formalaşmamasıdır. Məhsuldarlığın aşağı olması, texnologiyaların yetərincə müasir olmaması, suvarma sistemlərinin müasir tələblərə cavab verməməsi və yeni texnologiyaların tətbiqinin məhdudluğu bu istiqamətdə həm məhsuldarlığı, həm də istehsalı azaldır”.
İqtisadçının sözlərinə görə, taxıl strateji məhsuldur və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün onun istehsalının ciddi şəkildə artırılmasına ehtiyac var: “Bu, eyni zamanda, idxaldan asılılığın azalmasına imkan yaradar. Bu istiqamətdə işğaldan azad olunmuş bölgələrimizin ciddi potensialı var. Belə ki, həmin ərazilərdə 600 min hektara yaxın əkin üçün yararlı torpaq sahəsi mövcuddur. Orada taxıl istehsalını genişləndirmək və kənd təsərrüfatını inkişaf etdirmək mümkündür ki, bu da ölkədə taxıl istehsalının payının artmasına müsbət təsir göstərə bilər”.
Afaq Mirayiq,
Musavat.com

