7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Respublika Perinatal Mərkəzində baş vermiş və 7 yenidoğulmuş körpənin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları yekun mərhələyə çatıb. Lakin hökm ərəfəsində prosesdə gözlənilməz hadisə baş verib.
Musavat.com-un məhkəmə zalından əldə etdiyi məlumata görə, ötən gün, iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə son söz üçün hazırlaşmaq məqsədilə bir saatlıq fasilə elan olunub. Fasilədən sonra Respublika Perinatal Mərkəzinin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalına qayıtmayıb. Onun vəkili Əlövsət Abbasov məhkəməyə bildirib ki, müvəkkilinin səhhəti qəfil pisləşib və o, təcili olaraq xəstəxanaya yerləşdirilib. Müdafiə tərəfi baş verənlərin gözlənilməz olduğunu vurğulayaraq vəziyyətin nəzərə alınmasını xahiş edib. Hakim Leyla Əsgərova-Məmmədova isə təqdim edilən məlumatların yoxlanılmasının vacibliyini qeyd edib və Abasquliyevanın həqiqətən xəstəxanaya yerləşdirilib-yerləşdirilmədiyinin, eləcə də səhhətinin prosesdə iştirakına mane olub-olmadığının araşdırılması barədə qərar qəbul edib. Bu məqsədlə həm Səhiyyə Nazirliyinə, həm də təqsirləndirilən şəxsin yerləşdirildiyi bildirilən tibb müəssisəsinə rəsmi sorğular göndəriləcək. Hakim proses zamanı müdafiə tərəfinə ciddi xəbərdarlıq da edib.
Bildirilib ki, sonradan təqsirləndirilən şəxsin məhkəmə iclasından qəsdən yayındığı müəyyən olunarsa, onun barəsində seçilmiş qətimkan tədbirinə yenidən baxılması məsələsi gündəmə gətirilə bilər. Hakim bu xəbərdarlığın Mehriban Abasquliyevaya çatdırılmasını vəkildən tələb edib. Qeyd edək ki, iş üzrə məhkəmə araşdırması artıq başa çatıb və proses son söz mərhələsinə keçib. Son sözlərdən sonra məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına yollanacaq. Bundan əvvəl keçirilən iclaslarda Mehriban Abasquliyevanın müdafiəçisi məhkəmə istintaqının yenilənməsi, əlavə ekspertizaların təyin edilməsi və ekspertlərin dindirilməsi barədə vəsatətlər qaldırsa da, məhkəmə həmin vəsatətləri təmin etməyib. Dövlət ittihamçısı isə sabiq direktorun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror həmçinin təqsirləndirilən şəxslərin hər birinin 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını məhkəmədən xahiş edib.
Xatırladaq ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə həyatını itirib, 4 nəfər xəsarət alıb. İstintaqın versiyasına görə, hadisə intensiv terapiya şöbəsinin yerləşdiyi dördüncü mərtəbədə baş verib və müəssisəyə 361 min manatdan artıq maddi ziyan dəyib.
İttihama əsasən, Mehriban Abasquliyeva direktor təyin edildikdən sonra müəssisənin texniki imkanları nəzərə alınmadan xəstə qəbulunun artırılması elektrik şəbəkəsinə düşən yükü yüksəldib və nəticədə yanğın riskini artırıb. Müdafiə tərəfi isə bu ittihamları qəbul etmir. Məhkəmə prosesi bu günə təyin olunub. İlk olaraq Mehriban Abasquliyevanın səhhəti ilə bağlı daxil olacaq məlumatlar araşdırılacaq, daha sonra isə son söz mərhələsinin davam etdirilib-etdirilməməsinə qərar veriləcək.

