Siyasət 

Prezidentə təbriklər gəlir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycana – bu mübarək torpağa dəfələrlə səfər etmişəm. Cəsur xalqınızın müstəqillik uğrunda mübarizə qəhrəmanları haqqında həqiqi dostum, atanız unudulmaz Heydər Əliyevdən eşitmişəm. Buna görə də Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil. Mən bilirəm ki, Ukrayna xalqı da Azərbaycanı yalnız dost kimi deyil, həm də itirilmiş əraziləri geri qaytarmağa və ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir. Siz buna nail oldunuz, bizdə isə bu, hələ qarşıdadır. Bu, xalqlarımız arasında xüsusi tarixi bağ yaradır.

Ümid edirəm ki, Azərbaycan xalqı da bunu hiss edir və onun həqiqi dostunun kim olduğunu başa düşür.

Gözəl Vətəninizə inkişaf və firavanlıqla bağlı ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani:

“Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm”.

***

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani:

“Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm”.

***

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə:

“Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

***

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram”.

Daha çox xəbərlər