Yüksək vəzifəyə təyin olunan Elçin Vəliyev kimdir? – DOSYE
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub.
Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda başlayan Elçin Vəliyev müxtəlif illərdə neft-qaz sənayesi sahəsində çalışıb. 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.
Elçin Vəliyev 102 elmi əsərin, o cümlədən 50 indekslənən elmi məqalənin (25 beynəlxalq), 40 tezisin (25 beynəlxalq), 5 patentin və 8 kitabın həmmüəllifidir. O, 2021-2024-cü illərdə Stanford Universitetinin hazırladığı dünyanın ən nüfuzlu alimlərini əhatə edən top 2 faiz alimlər siyahısında yer alıb.
Elçin Vəliyev 2024-cü ildə neft-qaz sahəsinin inkişafına verdiyi töhfələrə görə SOCAR prezidenti tərəfindən fəxri fərmanla təltif edilib.

