Meyvə bağları olanların diqqətinə! Subsidiya siyasəti dəyişir
Azərbaycanda bağçılıq subsidiyasının verilməsi nəzərdə tutulur. Bununla bağlı Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.
Fərmana əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” yenilənib.
Bağçılıq subsidiyası-fermerlərə çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi (əkilməsi və aqrotexniki qulluğun göstərilməsi) üçün bağın salındığı birinci ildə istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, müasir suvarma sistemlərinin qurulmasına və tinglərdə fitopatoloji analizlərin aparılmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.
İqtisadçı Eyyub Kərimlinin fikrincə, subsidiyalar yalnız maliyyə formasında verilməməlidir. Musavat.com-a şərhində ekspert bildirib ki, subsidiyalar həm güzəştli kreditlər, həm sığorta dəstəyi, həm də texniki məsləhətlər, o cümlədən dərman, gübrə vasitələri və s. kimi verilə bilər: “Digər tərəfdən hesab edirəm ki, subsidiyalar diversifikasiyalaşmalıdır. Bir sahəyə deyil, müxtəlif sahələrə aid olmalı və bu sahələr hər il dəyişdirilməlidir. İllərlə eyni sahəyə subsidiya verilməsi fermerlərin bəzi hallarda subsidiya almaq üçün həmin sahədə çalışmalarına səbəb olur. Bu da məhsuldarlığın azalması ilə nəticələnir. Düşünürəm ki, meyvəçiliyə subsidiyalar daha çox məhsuldarlığa uyğunlaşdırılmalıdır ki, nəticəyönümlü olsun. Başqa sözlə, daha çox məhsul təhvil verən fermerə daha çox subsidiya verilməsi məqsədəuyğun olar. Bəzi hallarda subsidiyalar bir sahəni daha da canlandırdığı halda, digər sahələrdə az məhsuldarlığa səbəb olur. Çünki fermerlər daha çox subsidiya verilən məhsulların istehsalına üstünlük verirlər. Bu baxımdan ciddi araşdırma aparılmalı, müxtəlif sahələrə subsidiya ayrılmalıdır ki, bərabər inkişafa imkan yaransın”.

