Gündəm 

“Milli Qurtuluş Günü həm də Qarabağın qurtuluşunun başlanğıc günüdür”

“1991–1993-cü illər Azərbaycan dövlətçilik tarixinin ən böhranlı dövrlərindən biridir. Çünki bu üç il ərzində Azərbaycanda dövləti ayaqda tutan ideyalar, ideologiyalar, mənəvi dəyərlər, iqtisadi mexanizmlər və milli birlik kimi mühüm komponentlər deqradasiyaya uğramaqda idi. Bu azmış kimi, torpaqlarımız da erməni işğalçıları tərəfindən işğala məruz qalırdı və bu prosesin qarşısının alınması müşkül bir məsələyə çevrilmişdi”.

Picture background

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, 15 İyun tarixi dövlətçiliyin xilasından Qarabağın azadlığına uzanan böyük yoldur: 

“Həmin dövrdə Azərbaycan xalqı dövlətçilik şüurundan çıxış etməli, doğru qərarlar qəbul etməli idi. Əslində, xalqımız həmin doğru qərarları qəbul etməyi bacardı. Bu gün Heydər Əliyevin təkidlə Azərbaycana hakimiyyətə dəvət edilməsi kimi ifadə etdiyimiz hadisə, əslində, sosioloji kontekstdə elmi üslubla desək, xalqın sosial sifarişinə çevrilərək Naxçıvana ünvanlanmış müraciət idi. Məsələnin mahiyyəti məhz bundan ibarətdir. Və öz hərəkətlərində xalqımız haqlı idi. Çünki Azərbaycan xalqı 1969–1982-ci illərdə, eləcə də sonrakı Sovet mərhələsində – 1985–1986-cı illərdə Heydər Əliyev liderliyini görmüş və onu öz milli lideri kimi mənimsəmişdi. Bu da səbəbsiz deyildi. Çünki Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə, hələ Sovet hakimiyyəti illərində Azərbaycan Sovet Sosialist Respublikasını mahiyyət etibarilə milli respublikaya çevirməyi bacarmışdı. Həm demoqrafik və sosioloji baxımdan, həm də konstitusion və hüquqi müstəvidə. Belə ki, 1978-ci ildə Azərbaycan dilinin Sovet Azərbaycanının rəsmi dövlət dili kimi Konstitusiyaya daxil edilməsinə nail olmuşdu”.

Deputat deyib ki, sovet dövründə Heydər Əliyev mərhələsi Azərbaycanın rifaha qovuşması, aqrar-sənaye və kənd təsərrüfatının inkişafı, eyni zamanda Bakı, Gəncə və Şirvan kimi şəhərlərimizin sənayeləşməsi ilə yadda qalıb:

“Bu isə sadəcə iqtisadi hadisə deyildi, həm də Bakının kosmopolit demoqrafik strukturunun Azərbaycan xalqının lehinə dəyişdirilməsi prosesi idi. Bakıda tikilən çoxsaylı fabrik və zavodlara rayonlardan gənc azərbaycanlıların cəlb olunması nəticəsində milli-etnik balans Bakı şəhərində xalqımızın xeyrinə dəyişmişdi. Əgər belə olmasaydı, 1990-cı illərin əvvəllərində keçirilən mitinqlər zamanı azərbaycanlılar Bakıda azlıq təşkil edə bilərdilər. Məhz bu düşüncədən çıxış edən Azərbaycan xalqı ölkəmizin AXC-Müsavat cütlüyü tərəfindən effektiv idarə olunmadığını gördükdə, torpaqlarımızın işğalını müşahidə etdikdə, ölkədə vətəndaş müharibəsi təhlükəsinin, etnik və regional separatçılığın alovlandığını gördükdə Heydər Əliyevə üz tutdu. Və Azərbaycan xalqı haqlı idi. Çünki sonrakı dövr göstərdi ki, doğrudan da xalqımızın bu qərarı onu öz məqsədlərinə çatdırdı. Həm müstəqil dövlətimiz möhkəmləndi, onun iqtisadi əlaqələri quruldu, iqtisadi sektoru dirçəldildi, xarici siyasət strategiyası formalaşdırıldı, ölkədə ictimai-siyasi sabitlik yaradıldı, dövlət funksional və institutlaşmış bir quruma çevrildi, öz funksiyalarını həyata keçirmək imkanlarını bərpa etdi. Güclü ordu formalaşdırıldı, siyasi varislik sistemi quruldu və nəticədə biz torpaqlarımızı işğaldan azad edərək güclü milli dövlətə sahib olduq.

Əgər biz bu şaquli vektor üzrə bugünkü tarixdən 1990-cı illərin əvvəllərinə qayıtsaq, görəcəyik ki, Qurtuluş Günü həm də Qarabağın qurtuluşunun başlanğıc günüdür. Bu intervalda baş verən hadisələr, yəni 1993-cü ilin 15 iyunundan 2020-ci ilin 10 noyabrına qədər davam edən proseslər Azərbaycan dövlətinin xilas edilməsi və qurtuluşu, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və qurtuluşu, eləcə də milli düşüncəmizin və mənəviyyatımızın deqradasiyadan xilas olunaraq qorunub saxlanılması hadisəsidir. Birbaşa desək, bu xətt üzrə həm milli düşüncədə, həm də dövlətçilik ənənəsində ardıcıl əlaqə mövcuddur”.

Picture background

Hikmət Babaoğlu vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Qurtuluş fəlsəfəsi ayrıca bir ideoloji məzmun daşıyır:

“Bu fəlsəfə üç mühüm ideyaya söykənir. Bunlardan birincisi – dövləti xilas etmək və milli dövlət qurmaq, ikincisi – milli həmrəyliyi möhkəmləndirmək və bərpa etmək, üçüncüsü isə ictimai-siyasi sabitliyi qorumaqdır. Sosioloji məntiqlə bu üçlüyü geridən, yəni üçüncü komponentdən birinciyə doğru sıralasaq, görərik ki, ictimai-siyasi sabitlik olmadan milli həmrəylik mümkün deyil, milli həmrəylik olmadan isə milli dövlət quruculuğu mümkün deyil. Bir-biri ilə sıx bağlı olan bu üç mühüm komponent vahid milli dövlət modelinin sosial kodlarını təşkil edir. Heydər Əliyev bunu həyata keçirməyi bacardı. Ona görə də bu üç komponentin qorunması 1993-cü ildə nə qədər aktual idisə, bu gün də, gələcəkdə də bir o qədər aktual olacaq. Məhz buna görə də biz Qurtuluş fəlsəfəsini daim təbliğ etməli, onu yeni nəslə ötürməliyik”.

Daha çox xəbərlər