Sahibsiz itlər çəkiliş zamanı müxbirə hücum etdi – VİDEO
Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Saray qəsəbəsində sahibsiz itlərin hücumu nəticəsində 14 yaşlı yeniyetmə xəsarət alıb.
Hadisə qəsəbənin Qasımbəy Zakir küçəsində qeydə alınıb.
Məlumata görə, Mübariz Amid oğlu Turabov velosiped sürərkən qəfil bir neçə itin hücumuna məruz qalıb. Küçə itləri yeniyetmənin ayaq və qol nahiyələrini dişləyərək ona ciddi xəsarətlər yetiriblər. Şahidlərin sözlərinə görə, heyvanlar azyaşlını parçalamağa cəhd edib. Ətrafdakı sakinlər dərhal köməyə qaçaraq yeniyetməni itlərin əlindən çətinliklə də olsa, xilas edə biliblər.
Hazırda 14 yaşlı uşağın Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicəsini davam etdirdiyi bildirilir. Həkimlər onun vəziyyətini orta-ağır olaraq qiymətləndirirlər.
Musavat.com xəbər verir ki, hadisənin baş verdiyi ərazidə reportaj hazırlayan “Xəzər TV”nin əməkdaşı Nizami Rəsulov da çəkiliş zamanı eyni aqibətlə üzləşib və sahibsiz itlərin hücumuna məruz qalıb.
Hadisənin video görüntülərini təqdim edirik:

