Taksi qaydalarında “boşluq” mübahisəsi: Əsassız cərimələrin həlli GÜNDƏMDƏ

Azərbaycanda son illər taksi fəaliyyəti ilə bağlı qaydaların sərtləşdirilməsi, yeni tələblərin tətbiqi və nəzarət mexanizmlərinin gücləndirilməsi sürücülər arasında müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə sərnişinlərin mindirilməsi və düşürülməsi zamanı yaranan problemlər bəzi hallarda sürücülərin cərimələnməsi ilə nəticələnir. Məsələ təkcə sürücülərin deyil, sərnişinlərin, xüsusən də xəstələrin, yaşlıların, əlilliyi olan şəxslərin və hamilə qadınların rahatlığı baxımından da aktuallıq kəsb edir.

Milli Məclisdə çıxış edən deputat Məlahət İbrahimqızı bildirib ki, taksi sürücülərinə tətbiq olunan cərimələrlə bağlı əsas narazılıq qaydaların özündən deyil, bəzi məkanlarda sərnişinlərin təhlükəsiz şəkildə düşüb-minməsi üçün uyğun şəraitin olmamasından qaynaqlanır.

Deputatın fikrincə, xəstəxanalar, dövlət qurumları, iri ticarət mərkəzləri və digər ictimai əhəmiyyətli obyektlərin yaxınlığında qısa müddətli dayanma və sərnişin düşürmə zonalarının yaradılması bu problemin həllinə kömək edə bilər.

Mövzu taksi sektorunda mövcud problemləri yenidən gündəmə gətirib.

Bəs taksi sürücülərinin sərnişin düşürmə zamanı cərimələnməsi ilə bağlı şikayətləri nə dərəcədə əsaslıdır? Xəstəxanalar, poliklinikalar və digər ictimai obyektlərin qarşısında xüsusi qısamüddətli dayanma məntəqələrinin yaradılması problemi həll edə bilərmi? Beynəlxalq təcrübədə bu məsələ necə tənzimlənir?

eldeniz.jpg (55 KB)

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, millət vəkilinin səsləndirdiyi məsələ tamamilə əsaslıdır və bu istiqamətdə həm taksi sürücülərinin, həm də digər fərdi nəqliyyat vasitələrini idarə edən sürücülərin narazılıqları mövcuddur.

Ekspertin sözlərinə görə, əsas şikayətlərdən biri ondan ibarətdir ki, qanunla icazə verilmiş hallarda belə sərnişin endirilib-mindirildikdə kamera vasitəsilə cərimələr yazılır:

“80 manat, 60 manat cərimə və iki bal cərimə balının tətbiq edilməsi halları olur. Bu vəziyyət həm taksi sürücülərinin peşə fəaliyyətinə mane olur, həm də onların maddi rifahının pisləşməsinə gətirib çıxarır”.

E.Cəfərov qeyd edib ki, kamera vasitəsilə qeydə alınan qayda pozuntuları ilə bağlı şikayətlərə əksər hallarda ya gec cavab verilir, ya da ümumiyyətlə cavab verilmir. Nəticədə sürücü ya həmin cəriməni ödəməyə məcbur qalır, ya da sürücülük hüququndan müvəqqəti məhrum edilir.

Onun sözlərinə görə, Bakı şəhərində son dövrlərdə Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bir sıra xəstəxanaların yaxınlığında xüsusi minib-düşmə məntəqələri yaradılıb:

“Bu məntəqələrin məqsədi taksi sürücülərinin və digər şəxsi avtomobil sahiblərinin rahat şəkildə dayanaraq sərnişinləri endirib-mindirməsini təmin etməkdir. Hazırda bu proses davam edir və hesab edirəm ki, yay mövsümündə də bir neçə belə məntəqə istifadəyə veriləcək”.

Ekspert əlavə edib ki, bununla yanaşı, qanunun müvafiq maddələrinin tələbləri mütləq şəkildə təmin olunmalıdır:

“Belə ki, taksi sürücüsü qanunla icazə verilmiş hallarda yolun kənarında və ya avtobus zolağında sərnişin endirib-mindirirsə, o, cərimə olunmamalıdır. Çünki qanun buna icazə verir”.

E.Cəfərov “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinə də diqqət çəkərək bildirib ki, həmin maddəyə əsasən, sürücü yola çıxarkən və ya sərnişini endirib-mindirərkən 1.11 (qırıq-qırıq) nişanlanma xəttinin tələblərinə əməl etməklə avtobus zolağına daxil ola bilər və sərnişini endirdikdən və ya mindirdikdən sonra dərhal həmin zolağı tərk etməlidir.

“Lakin təəssüf ki, bir çox hallarda bu məsələyə diqqət yetirilmir və sürücü avtomobili saxlayan kimi dərhal cərimə yazılır. Əslində isə bu yanaşma doğru deyil və qaydalar tam fərqli şəkildə tənzimlənməlidir”, – deyə ekspert vurğulayıb.

O bildirib ki, Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılan minib- düşmə məntəqələrinin əsas məqsədi də məhz sürücülərin cərimə riskindən uzaqlaşdırılmasıdır:

“Beləliklə, onlar avtomobillərini rahat şəkildə saxlayaraq, xüsusilə xəstəxanaya gələn və ya oradan gedən sərnişinləri təhlükəsiz şəkildə aparıb-gətirə bilirlər. Beynəlxalq təcrübədə bu məsələ daha çevik tənzimlənir və proses “Yol hərəkəti haqqında” qanunun prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Azərbaycandakı mövcud qanunvericiliyə görə də sürücü sərnişini avtomobil yolunun sağ kənarındakı birinci zolaqda endirib-mindirə bilər. Burada əsas məsələ qanun qaydalarına tam riayət olunması və əsassız cərimələrin qarşısının alınmasıdır”.