Qadınlara ERKƏN pensiya təklifi mübahisə yaratdı – “Niyə tək qadınlar…”

“Tək yaşayan qadınların daha tez pensiyaya çıxması təmin olunmalıdır”.

Bu barədə deputat, iqtisadçı-alim Vüqar Bayramov Modern.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, elə qadın vətəndaşlar var ki, müəyyən yaşa çatsalar da, onlara baxacaq övladı və ya həyat yoldaşı yoxdur. “Bu baxımdan onların daha erkən pensiyaya çıxması məqsədəuyğun olardı”, – deyə Vüqar Bayramov bildirib.

Millət vəkili həmçinin vurğulayıb ki, pensiya sistemində qadınlarla kişilər arasındakı əməkhaqqı fərqi də nəzərə alınmalıdır: “Gender hesabatının müzakirəsi zamanı da təklif etmişik ki, qadınlarla kişilər arasında əməkhaqqı fərqi olduğu üçün pensiya yaşına çatan qadınların pensiya kapitalına xüsusi əmsal tətbiq olunsun. Bu, onların pensiya kapitalının artmasına və nəticədə daha yüksək pensiya almalarına imkan yaradar”.

Xatırladaq ki, Azərbaycanda qadınların pensiya yaşı növbəti həftədən etibarən 6 ay da artırılaraq 65-ə çatdırılır.

Bəs tək yaşayan qadınların daha tez pensiyaya çıxması təklifi nə qədər real görünür? Dünyanın hansı ölkələrində qadınlara və ya tək yaşayan şəxslərə pensiya ilə bağlı xüsusi güzəştlər tətbiq olunur?

Erməni QHT-lər Sahib Məmmədovun çıxışını kəsməyə cəhd etdi -

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Musavat.com-a danışıb: “Hesab edirəm ki, bu təklifdə səbəb-nəticə əlaqəsi yoxdur. Əgər söhbət ümumilikdə qadınların pensiyaya daha tez çıxmasından getsəydi, bunu müəyyən mənada anlamaq olardı. Amma tək yaşayan qadın niyə daha tez pensiyaya çıxmalıdır? Bunun hüquqi və sosial əsaslandırması nədir? Açığı, burada konkret bir məntiq görmürəm.

Ümumiyyətlə, qadınların böyük hissəsi pensiya yaşına çatdıqdan sonra da işləməyə davam etmək istəyir. Məsələn, dövlət sektorunda çalışanlar üçün yaş həddi 65-dir. Həmin yaşdan sonra onlar pensiyada olub-olmamasından asılı olmayaraq fəaliyyətlərini davam etdirə bilmirlər. Buna görə də hesab etmirəm ki, bu təklif hüquqi məntiqə əsaslanan yanaşmadır.

Məsələn, beş və daha çox uşağı olan qadınların əmək pensiyasına beş il daha tez çıxmaq hüququ var. Əgər təklif olunsaydı ki, bu meyar dəyişdirilsin, yaxud hər uşağa görə pensiya yaşı bir il azaldılsın – necə ki, Sovet dövründə belə bir təcrübə mövcud idi – burada müəyyən məntiq tapmaq olardı. Amma qadının övladı, həyat yoldaşı yoxdur və yalnız buna görə onun daha tez pensiyaya çıxması təklif edilir. Mən bu yanaşmada əsaslandırılmış səbəb görmürəm”.

Əməkhaqqı ilə bağlı məsələyə isə hüquqşünas bu cür mövqe bildirib: “Əməkhaqqı fərqinə gəlincə, burada qadın və kişi arasında eyni əməyə görə fərqli maaş verilməsindən söhbət getmir. Eyni vəzifədə çalışan, eyni staja və eyni ixtisasa malik qadın və kişi arasında əməkhaqqı fərqi yoxdur. Məsələn, eyni vaxtda işə başlayan, eyni dərəcəyə malik iki əməkdaşdan biri qadın, digəri kişi olsa, onların maaşı da eyni olacaq.

Fərq ondan irəli gəlir ki, qadınlar daha çox təhsil, səhiyyə və digər nisbətən aşağı maaşlı sahələrdə çalışırlar. Kişilər isə əsasən daha ağır və yüksək əməkhaqqı təklif olunan sahələrdə fəaliyyət göstərirlər. Əməkhaqqı statistikasında görünən təxminən 30-40 faizlik fərq də məhz bundan qaynaqlanır. Yəni, bu, eyni işə görə qadınlara daha az maaş verilməsi demək deyil, müxtəlif sahələr üzrə məşğulluq strukturundan irəli gələn fərqdir. Bu baxımdan, qadınların pensiya kapitalına ayrıca əmsal tətbiq edilməsi təklifində də ciddi əsaslandırma görmürəm”.