İşğalla barışan uduzur, hüquq qalib gəlir-Prezidentin verdiyi mesajlar…
“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın uzun illərdir ardıcıl şəkildə həyata keçirdiyi balanslı və prinsipial xarici siyasət kursunun növbəti ifadəsidir. Dövlət başçısı bir daha önə çəkdi ki, Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinə-dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətə əsaslanan mövqe sərgiləyir. O, ötən il ukraynalı jurnalist Dmitri Qordona verdiyi “işğalla heç vaxt barışmayın” tövsiyəsini dəyişmədiyini bildirərək qeyd etdi ki, Ukrayna xalqı və hakimiyyəti üzləşdiyi çətinliklərə, müxtəlif siyasi təzyiqlərə və atəşkəs adı altında işğalın legitimləşdirilməsinə yönəlmiş təşəbbüslərə baxmayaraq, öz mövqeyindən geri çəkilməyib. Eyni zamanda Prezident İlham Əliyev müharibənin mümkün qədər tez dayandırılmasının vacibliyini vurğulayaraq bunun həm Azərbaycanın rəsmi mövqeyi, həm də onun şəxsi humanitar yanaşması olduğunu ifadə etdi”.
Bu fikirləri Musavat.com-a Azərbaycan Parlamentinin üzvü Elnarə Akimova deyib. O qeyd edib ki, bu yanaşma fonunda Rusiyanın son dövrlər üzləşdiyi təhlükəsizlik və iqtisadi problemlər də müasir müharibələrin xarakterində baş verən ciddi dəyişiklikləri nümayiş etdirir: “Artıq döyüş əməliyyatları yalnız cəbhə xətti ilə məhdudlaşmır. Dron texnologiyalarının geniş tətbiqi nəticəsində enerji infrastrukturu, yanacaq bazaları, logistika mərkəzləri və sənaye obyektləri də hərbi qarşıdurmanın əsas hədəflərinə çevrilib. Bu isə istənilən dövlət üçün yalnız hərbi deyil, iqtisadi, sosial və psixoloji baxımdan da ciddi sınaqlar yaradır. Müharibənin uzanması resursların tükənməsinə, təhlükəsizlik xərclərinin artmasına və iqtisadi dayanıqlığın zəifləməsinə səbəb olur.

Məhz bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər yalnız konkret bir münaqişəyə münasibət deyil, həm də müasir beynəlxalq münasibətlər sisteminə verilən siyasi mesaj kimi dəyərləndirilə bilər. Cənab Prezidentin vurğuladığı kimi, uzunmüddətli hərbi qarşıdurmalar heç bir tərəfə davamlı üstünlük qazandırmır, əksinə, regionların təhlükəsizliyini, iqtisadi inkişafını və qlobal sabitliyi ciddi şəkildə təhdid edir. Ona görə də münaqişələrin beynəlxalq hüquq normaları, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında siyasi-diplomatik yollarla həlli ən real və dayanıqlı çıxış yolu hesab olunur. Azərbaycanın mövqeyi də məhz bu prinsiplərə söykənir”.
Parlamentarinin sözlərinə görə, ölkəmiz beynəlxalq hüququn aliliyini dəstəkləməklə yanaşı, bütün münaqişələrin ədalətli həllinin tərəfdarı olduğunu nümayiş etdirir: “Şuşadan verilən mesajlar da bir daha göstərdi ki, rəsmi Bakı müharibələrin uzanmasını deyil, hüquqa, ədalətə və davamlı sülhə əsaslanan həll mexanizmlərinin formalaşmasını regional və qlobal təhlükəsizlik üçün əsas şərt hesab edir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə məsuliyyətli, praqmatik və mərkəzçi siyasi xəttinin ardıcıl davamı kimi qiymətləndirilə bilər”.
Cavanşir Abbaslı
Musavat.com