Pensiya yaşına yaxın şəxslərin işdən çıxarılmasına qadağa? – SON DƏQİQƏ AÇIQLAMASI
Azərbaycanda pensiya yaşına az qalmış işçilərin əmək hüquqlarının daha güclü qorunması müzakirə edilir. Qeyd edilir ki, pensiyaya çıxmasına iki ildən az qalan şəxslərin işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmasına məhdudiyyət qoyulması nəzərdə tutulur. Məqsəd uzun illər çalışmış və pensiya hüququna çox az vaxtı qalan insanların işsiz qalmasının, yeni iş tapmaqda çətinlik çəkməsinin və sosial təminatsızlıq riski ilə üzləşməsinin qarşısını almaqdır.
Bəs bu cür məhdudiyyətin tətbiqi əmək bazarına necə təsir göstərə bilər? Pensiya yaşına iki il qalmış işçilərin işdən çıxarılmasının qadağan edilməsi həm işçilərin, həm də işəgötürənlərin hüquq və maraqları arasında balans yarada biləcəkmi?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini deyib:
“Son vaxtlar bəzi ekspertlər tərəfindən pensiya yaşına az qalmış şəxslərin işdən azad edilməsinə qadağa qoyulması təklif edilir. Bu, tamamilə absurd və reallıqdan uzaq bir yanaşmadır. Bu cür məhdudiyyətlər onsuz da həssas olan investisiya mühitini tamamilə məhv edər və ölkəyə xarici investorların gəlişinin qarşısını alar. Əgər işçi pensiya ərəfəsindədir deyə intizamsızlıq edirsə, işə içkili gəlirsə və ya öz funksiyasını yerinə yetirmirsə, işəgötürən qanunla onu işdə saxlamağa məcbur edilməməlidir. Biznesin öz qanunları var, yaxşı mütəxəssis üçün işəgötürən özü mübarizə aparır, fayda verməyən işçini isə saxlamaq məcburi olmamalıdır”.
Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycanda işə qəbul və işdənçıxarma prosedurları onsuz da kifayət qədər qəlizdir:
“Biz əmək hüquqlarını müdafiə edərkən biznesin inkişaf maraqlarını da nəzərə almalıyıq. Əks təqdirdə, iqtisadi tərəqqidən söhbət gedə bilməz. Burada əsas hədəf dövlətin, biznesin və işçinin maraqları arasında düzgün balansı tapmaq və qorumaqdır. Təbii ki, bütün işəgötürənləri eyniləşdirmək olmaz, ölkədə yaşından və cinsindən asılı olmayaraq peşəkarlara dəyər verən çoxlu ciddi qurumlar və dövlət orqanları da fəaliyyət göstərir”.
Qeyd edək ki, dünya təcrübəsində pensiya yaşına az qalmış işçilərin əmək hüquqlarının qorunması müxtəlif modellərlə tənzimlənir. Əksər ölkələrdə belə şəxslərin işdən çıxarılmasına tam qadağa qoyulmur. Bunun əvəzində yaşa görə ayrı-seçkiliyin qarşısının alınması, işdən çıxarılmanın qanuni əsaslarla həyata keçirilməsi və sosial təminat mexanizmlərinin gücləndirilməsi prioritet hesab olunur.
Bu sahədə ən sərt yanaşmalardan biri Qazaxıstanda tətbiq edilir. Həmin ölkənin Əmək Məcəlləsinə əsasən, pensiya yaşına çatmasına iki ildən az qalmış şəxslərin işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmasına yol verilmir. Bununla belə, müəssisənin ləğvi, ştatların ixtisarı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycanda hazırda müzakirə olunan təklif də məhz bu modelə əsaslanır. Rusiyada isə “pensiyaöncəsi yaş” anlayışı tətbiq olunur. Pensiyaya beş il qalmış vətəndaşların yaşına görə işdən çıxarılması və ya işə qəbuldan imtina edilməsi qanunla qadağandır. Belə hallara görə işəgötürən inzibati, bəzi hallarda isə cinayət məsuliyyəti daşıya bilər. Bununla yanaşı, işçinin intizam pozuntusu, peşə yararsızlığı və ya müəssisədə struktur dəyişiklikləri kimi qanuni əsaslar olduqda əmək müqaviləsinə xitam verilə bilər.
Avropa ölkələrində isə yanaşma bir qədər fərqlidir. Almaniyada pensiya yaşına yaxınlaşmaq işdən çıxarılmamaq üçün ayrıca hüquqi təminat yaratmır. Lakin işəgötürən əmək müqaviləsinə xitam verərkən iqtisadi, təşkilati və ya işçinin fəaliyyəti ilə bağlı əsaslandırılmış səbəblər göstərməlidir. Eyni zamanda yaşa görə ayrı-seçkilik qanunla qadağandır.
Fransada və İtaliyada da oxşar yanaşma tətbiq edilir. İşəgötürən yalnız işçinin pensiya yaşına yaxınlaşmasını əsas gətirərək onu işdən çıxara bilməz. Əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas olmalı, müəyyən edilmiş prosedurlara tam riayət edilməlidir. Əks halda işçi məhkəmə qaydasında hüquqlarını bərpa edə bilər. ABŞ-də 40 yaşdan yuxarı işçilər federal qanunla yaşa görə diskriminasiyadan qorunur. Bununla belə, işəgötürən iqtisadi səbəblər, işçinin fəaliyyətinin qiymətləndirilməsi və ya digər qanuni əsaslarla əmək müqaviləsinə xitam verə bilər. Böyük Britaniyada da məcburi pensiya yaşı ləğv edilib və yaşa görə ayrı-seçkilik qanunsuz hesab olunur. Lakin obyektiv səbəblər olduqda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ saxlanılır. Yəni beynəlxalq təcrübə göstərir ki, əksər ölkələr pensiya yaşına yaxın işçilərin işdən çıxarılmasını tam qadağan etməkdən daha çox, onların yaşa görə diskriminasiyaya məruz qalmamasını və əmək hüquqlarının balanslı şəkildə qorunmasını təmin etməyə üstünlük verir. Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına birbaşa qadağa tətbiq edən ölkələrin sayı isə məhduddur və Qazaxıstan bu baxımdan daha sərt hüquqi mexanizmlərə malik ölkələrdən biri hesab olunur.
Afaq Mirayiq,
Musavat.com