Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR
Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Sonra pilotlar aviasiya vasitələrinə nəzarət baxışı keçiriblər.
Təlim-məşq uçuşunun planına əsasən, “JF-17C” (Block-III), “Su-25ML” və “L-39” tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.
Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşlarında əsas diqqət müxtəlif taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin effektiv döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.
Təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.












