SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR
Oğuzdan Musavat.com-a daxil olan bu məlumat əslində bütün ölkə üçün SOS siqnalıdır – Azərbaycanın milyardlıq aqrar sektoru böyük risk altındadır.
Oğuz rayonunda çəyirdəkli meyvə bağlarında yayılmağa başlayan Şarka (Plum pox virus – PPV) xəstəliyibütün ölkəni meyvəyə tamarzı qoymaq gücündədir. Əgər operativ karantin tədbirləri görülməzsə, qarşıdakı 3-5 ildə Azərbaycanın ərik, şaftalı, gavalı, alça və nektarin bağlarının böyük hissəsi təhlükə altındadır. Rayonda uzun illərdir meyvəçiliklə məşğul olan fermerlərdən biri aidiyyəti dövlət qurumlarına ünvanladığı müraciətdə qonşuluqda yerləşən iri meyvə bağında karantin xəstəlikləri qrupuna aid edilən Şarka virusunun əlamətlərinin müşahidə olunduğunu bildirərək təcili araşdırma aparılmasını istəyib.

Musavat.com-un əldə etdiyi müraciətdə fermer qeyd edir ki, 15 ildən artıqdır dənli bitkiçiliklə, 2018-ci ildən isə intensiv bağçılıqla məşğuldur və əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyinə sağlam məhsul istehsalı ilə töhfə verməkdir. O bildirir ki, illər ərzində rayonda nümunəvi intensiv bağlardan birini yaradıb və yüksək məhsuldarlığa nail olub.
Fermer vurğulayır ki, qonşuluqdakı iri bağ təsərrüfatında əkilmiş nektarin və şaftalı ağaclarında Şarka virusuna xas əlamətlər müşahidə edilir. Onun sözlərinə görə, bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təsərrüfatda nə xəstə ağacların təcrid olunması baş verib, nə də fitosanitar tədbirlər görülüb. Əksinə, xəstə olduğu ehtimal edilən ağaclar əvvəlki kimi saxlanılır ki, bu da ətraf bağlar üçün ciddi təhlükə yaradır. Müraciətdə xüsusi vurğulanır ki, Şarka virusunun yayılmasında əsas rol oynayan mənənələrə(bitkilərin şirəsilə qidalanan ziyanverici bir cücü növü – E.M) tam nəzarət etmək mümkün deyil. Fermer öz bağında zərərvericilərə qarşı mübarizə aparsa da, yoluxma mənbəyi aradan qaldırılmadıqca bunun kifayət etməyəcəyini bildirir. Onun fikrincə, bir təsərrüfatda yoluxmuş ağacların saxlanılması təkcə qonşu fermerlərin deyil, bütövlükdə regionun bağçılığı üçün təhlükə yarada bilər. Fermer müraciətində “Fitosanitar nəzarəti haqqında” qanunun müvafiq maddələrinə istinad edərək xatırladır ki, torpaq mülkiyyətçiləri təhlükəli karantin zərərvericilərinin yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə borcludurlar. Eyni zamanda, belə yoluxma halları barədə dərhal aidiyyəti dövlət orqanına məlumat verilməsi qanunun tələbidir. Əgər karantin obyekti aşkar olunarsa, həmin ərazidə daxili karantin elan edilməli, yoluxmuş bitkilərin dövriyyəsi məhdudlaşdırılmalı və yoluxma ocağı ləğv edilməlidir.

Müraciətdə AQTA-dan şübhə doğuran bağlarda təcili fitosanitar baxış keçirilməsi, laborator analizlər üçün nümunələr götürülməsi və virus təsdiqlənərsə, qanunvericiliyə uyğun olaraq karantin tədbirlərinin görülməsi xahiş olunur. Şarka virusu ilk dəfə 1915-ci ildə Bolqarıstanda aşkarlanıb və sonradan Avropanın böyük hissəsinə, Asiyaya, Yaxın Şərqə və Amerikaya yayılıb. Bu gün 40-dan çox ölkədə rast gəlinən virus çəyirdəkli meyvə ağaclarının ən təhlükəli xəstəliklərindən biri hesab olunur.
Şarkadan ən böyük zərəri Serbiya görüb. Bu ölkədə minlərlə hektar gavalı bağı məhv olub, meyvəçilik sektoru uzun illər ciddi iqtisadi itkilərlə üzləşib. Bolqarıstan, Rumıniya, Macarıstan, İspaniya, Fransa, Almaniya, Türkiyə və ABŞ da virusla mübarizəyə yüz milyonlarla dollar vəsait xərcləyən ölkələr sırasındadır. ABŞ-da virusun yayılmasının qarşısını almaq üçün milyonlarla ağac məhv edilib və sərt karantin tədbirləri həyata keçirilib. Virusun dünya iqtisadiyyatına vurduğu ümumi zərər artıq 10 milyard dolları ötüb.
Şarka virusunun ən qorxulu xüsusiyyəti onun müalicəsinin olmamasıdır. Heç bir pestisid, funqisid və ya digər aqrokimyəvi preparat virusa qarşı təsir göstərmir. Xəstəlik təsdiqlənərsə, beynəlxalq fitosanitar qaydalara əsasən yeganə çıxış yolu yoluxmuş ağacların kökündən çıxarılaraq məhv edilməsidir.
Virusun digər təhlükəli xüsusiyyəti isə uzun müddət gizli qalmasıdır. Yoluxmuş ağac 2-3 il ərzində heç bir əlamət göstərməyə bilər. Bu müddətdə həmin ağacdan götürülən calaq materialı və ya tinglər vasitəsilə virus başqa bağlara da keçə bilir. Mənənələr isə yoluxmanı çox qısa müddətdə sağlam ağaclara daşıyır.

Son illər Azərbaycan dövləti və özəl sektor tərəfindən aqrar sahəyə milyardlarla manat investisiya yatırılıb. Müasir aqroparklar yaradılıb, minlərlə hektar intensiv bağ salınıb, damcı suvarma sistemləri, soyuducu anbarlar, çeşidləmə və qablaşdırma müəssisələri tikilib. Şarka virusunun geniş yayılması ayrı-ayrı fermer təsərrüfatları ilə yanaşı, məhz bu iri aqrokompleksləri də ən böyük təhlükə ilə üz-üzə qoya bilər. Çünki intensiv bağlarda ağaclar sıx əkildiyindən virusun yayılması daha sürətli baş verir. Bir neçə yoluxmuş ting qısa müddətdə yüzlərlə hektarlıq bağın məhv olması ilə nəticələnə bilər. Bu isə milyonlarla manatlıq ağac fondunun, infrastrukturun və uzun illər ərzində qoyulmuş investisiyaların itirilməsi deməkdir. Nəticədə təkcə fermerlər deyil, tingçilik təsərrüfatları, soyuducu anbarlar, meyvə emalı müəssisələri, logistika şirkətləri və ixracatçılar da ciddi iqtisadi zərbə ala bilər.
Azərbaycanın meyvə ixracının əsas hissəsini təşkil edən ərik, şaftalı, gavalı, badam və digər çəyirdəkli meyvələrin istehsalında yaranacaq problemlər xarici bazarlara çıxışı da çətinləşdirə, ölkəyə daxil olan valyuta gəlirlərini azalda bilər. Bu baxımdan Oğuzdan gələn siqnallar təkcə bir rayonun problemi deyil. Əgər bu gün Oğurda Şarkanın qarşısı sərt fitosanitar tədbirlərlə alınmasa, Azərbaycanın son illərdə kənd təsərrüfatına yönəltdiyi milyardlarla manatlıq sərmayə, minlərlə fermer təsərrüfatı və ölkənin meyvə ixracı potensialı ciddi təhlükə altına düşə bilər. Bu səbəbdən də məsələ operativ araşdırılmalı, virusun mövcudluğu təsdiqlənərsə, beynəlxalq fitosanitar qaydalara uyğun olaraq dərhal karantin və məhdudlaşdırıcı tədbirlər tətbiq edilməlidir.
Mövzuya qayıdacağıq.
E.Məmmədəliyev,
Musavat.com




