Bakıda “Avrasiya CİS-2018”adlı beynəlxalq elmi konfrans keçirilir
ARANTV.AZ xəbər verir ki, Coğrafi İnformasiya Sistemlərinin daha geniş və elmi şəkildə tətbiqinin vacibliyini nəzərə alan elm adamları bu sahədəki dünya təcrübəsini öyrənmək niyyətindədirlər. Elə Bakıda keçirilən “Avrasiya Coğrafi İnformasiya Sistemləri-2018” adlı beynəlxalq elmi konfrans da bu amala xidmət edir.
Coğrafi İnformasiya Sistemləri Texnologiyalarının ölkə ərazisində inkişafı, onun nəzəri problemlərinin öyrənilməsi və tətbiqi “Elektron hökumət” proqramının əsas istiqamətlərindən biridir. Müasir dövrdə İKT-dən geniş istifadə yer quruluşu və torpaqların, müxtəlif infrastruktur obyektlərinin coğrafi koordinatlarının müəyyən edilərək vahid virtual məkanda əks olunması zərurətini yaradır. Coğrafi İnformasiya Sistemlərinin daha geniş və elmi şəkildə tətbiqinin vacibliyini nəzərə alan elm adamları da bu sahədəki dünya təcrübəsini öyrənmək niyyətindədirlər.
Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu və Türkiyənin Səlcuq Universitetinin birgə təşkil etdikləri elmi konfransın da məqsədi müasir dövrdə Coğrafi İnformasiya Sistemlərindən elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarının müzakirəsidir.
Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldava, Nepal, İran, Gürcüstan və digər ölkələrdən elm adamlarının iştirak etdiyi konfrans 4 gün davam edəcək.

