Azərbaycanda yenilik: heyvanların bəslənməsində səməni qaydasında yetişdirilmiş yaşıl yemdən istifadə olunacaq.
Kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə bağlı Tərtərdə “ Heyvandarlıqda qeyri- ənənəvi yemlərin tətbiqi” mövzusunda elmi-praktik seminar təşkil edilib.
Musa Muradlı , Sputnik Azərbaycan
Yanvarın 14-də “Alimlər fermerlərin yanında olmalıdır” devizi altında Tərtər Regional Elm və İnnovasiya Mərkəzininin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə birgə təşkil etdiyi elmi – praktik seminar baş tutub. “ Aqrar Elm və İnnovasiya Mərkəzi”-nin direktor müavini Fərman Kərimov “ Heyvandarlıqda qeyri- ənənəvi yemlərin tətbiqi”-nin aktuallığından danışıb: “ Heyvandarlığı inkişaf etdirmək,heyvandarlırda məhsul istehsalını artırmaq kənd təsərrüfatının əsas qayəsini təşkil edir.Burada məqsəd ərzaq təhlükəsizliyini təmin etməkdir.Bunun üçündə Kənd Təsərrüfatının bütün sahələrində olduğu kimi heyvandarlıqda da az xərc çəkməklə , məhsulun maya dəyərini aşağı salmaqla rentabelliyə nail olmaqdır. Bildiyiniz kimi havalar quraq keçir. Quraqlıq dövründə heyvanların yaşıl ota olan təlabatını təmin etmək kənd təsərrüfatı işçilərinin ən başlıca vəzifəsidir.”
Fərman Kərimov demoqrafik vəziyyətin sürətlə dəyişdiyini statistik rəqəmlərlə deməklə ərzağa olan təlabatın durmadan artdığını qeyd edib.” Hər saniyədə 8 uşaq dünyaya gəlir, gün ərzində bu rəqəm 240 min olur.Bu artıma uyğun olaraq addımlamaq məsul bir işdir. Dünyada bu baxımdan kənd təsərrüfatında yeni metodların tətbiqi həyata keçirilir. Türkiyədə bu gün haqqında danışdığımız yaşıl yem rasionundan geniş istifadə edilir.Hansı ki, onlarda örüş –otlaq sahəsi o qədərdə çox deyil. Buna baxmayaraq ölkənin heyvandarlıq məhsullarına olan tələbatı tam ödənilir. İnsan sayının artımı, iqlim dəyişmələrinin yaratdığı fəsadlardan doğan yem ehtiyyatının azalması hesabına ərzaq təminatında yaranan problem ölkəmizədə təsirsiz ötüşmür. Biz alimlərin də üzərinə düşən bir vəzifə var. Necə edək ki, yem ehtiyyatının yaradılması istiqamətində tədbirləri ardıcıl həyata keçirək. Belə tədbirlərdən biri də yaşıl yem rasionunun hazırlanması, heyvanların bəslənməsində tətbiq edilməsidir.”- deyə alim Fərman Kərimov bildirib.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxış edərək, heyvandarlıqda qeyri-ənənəvi yemlərin tətbiqindən, hidropon sisteminin (otaq şəraitində yem bitkilərinin yetişdirmə texnologiyası) əhəmiyyətindən danışıb. Bildirib ki, son illər dünya ictimaiyyətini narahat edən ərzaq təhlükəsizliyi Azərbaycan üçün də prioritet olaraq qalmaqdadır. Dünya üzrə adambaşına düşən əkinəyararlı torpaq sahəsi 0,30 hektar təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 0,18 hektardır. Bu isə bizi torpaqdan daha səmərəli istifadə etməyə və alternativ variantlar axtarmağa vadar edir.
Mütəxəsislər bildiriblər ki, hazırda Avropa ölkələrində torpaqsız əkinçilik və ya torpaqdan istifadə etmədən suda olan mineral qida həllərini istifadə edərək bitki yetişdirmənin bir üsulu olan Hidroponikadan geniş istifadə olunur. Hidropon yaşıl yem 7-8 gün ərzində vegetasiya müddətini başa çatdırmış cücərdilmiş müxtəlif dənlərdən hazırlanır. Hidropon yem istehsalında cücərmə qabiliyyəti yüksək olan dənlərdən istifadə edilməlidir. Hidropon üsulu ilə hazırlanan yaşıl yem ev heyvanlarının həzm sistemini yaxşılaşdırır, diri çəkini və süd məhsuldarlığını artırır. Heyvanların rasionuna yaşıl yemi tətbiq etdikdə dölvermə qabiliyyəti 11 faiz artır, tibbi dərman xərcləri 15 faiz azalır, südün, ətin və yumurtanın keyfiyyəti yaxşılaşır. Cücərmiş arpada A vitamini yerkökünə nisbətən 23 dəfə, B vitamini kahıya nisbətən 22 dəfə, C vitamini isə sitrus bitkilərinə nisbətən 14 dəfə çoxdur. Məhsulun suvarılması və yığılması asan başa gəlir. Fermer təsərrüfatında yem istehsalına çəkilən xərclər azalır.
Seminarda Tərtər Regional Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov “Müasir heyvandarlığın inkişafında qeyri-ənənəvi yemlərin tətbiqinin zəruriliyi”, Əkinçilik Elmi Tədqiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyeva “Azərbaycanda yem istehsalı, mövcud vəziyyət, problemlər və perspektivlər”, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Təranə Hacıyeva “Heyvandarlıqda qeyri-ənənəvi yemlərin tətbiqi”, “Gilan Holdinq Ağdaş” Yem emalı fabrikinin yemləmə üzrə məsləhətçisi Kənan Əliyev “Fərdi təsərrüfatlarda qeyri-ənənəvi yemləmənin tətbiqi ilə məhsuldarlığın artırılması” mövzularında çıxışlar ediblər.
Sonda onu da qeyd edək ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarda Ağdam, Tərtər, Goranboy, Kəlbəcər, Yevlax, Bərdə rayon Dövlət Aqrar İnkişaf mərkəzlərinin, Beyləqan və Gəncə Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin mütəxəssisləri, heyvandarlıq üzrə fermerlər iştirak ediblər.







