Namizədlərdən 500 min manatlıq seçki fondu yaradan olub? – AÇIQLAMA
Deputatlığa namizədlərin təşviqat kampaniyaları zamanı hər hansı qanun pozuntusunun olması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət daxil olmayıb.
Bunu Oxu.Az-a açıqlamasında MSK katibi Mikayıl Rəhimov deyib.
O bildirib ki, şikayətlər daxil olarsa, onlar araşdırılır.
“İndiyə qədər ciddi qanun pozuntusu ilə rastlaşmamışıq”, – deyə M.Rəhimov əlavə edib.
Seçki Məcəlləsinin 156-cı maddəsi deputatlığa namizədlərin seçki fondları ilə bağlıdır.
Həmin maddənin birinci bəndində yazılıb ki, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan çox olmamalıdır.
Hansısa namizədin bu məbləğdə fond yaradıb-yaratmamasına gəlincə, M.Rəhimov bildirib:
“Gərək seçki fondu yaradan şəxslər hesabat versinlər. Sonra müvafiq dairə seçki komissiyası baxır ki, nə qədər vəsait daxil olub və oradan nə qədər xərclənib”.
MSK katibi əlavə edib ki, deputatlığa namizədlər seçki fondları ilə bağlı hesabatları seçkidən sonra verəcəklər.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

