Bir hədis barədə araşdırma (Birinci hissə)
Yaxud Müaviyə vəhy katibi olubmu?
İslam mənbələrində rast gəldiyimiz qondarma hədislərin böyük bir qismi Əməvilər sülaləsinin fəzilətləri haqqındadır. Bu “hədislər” Müaviyənin və sair Əməvi xəlifələrinin hakimiyyəti zaman rüşvət və qorxu müqabilində yaradılmış və müsəlmanların arasında yayılmışdı. Müaviyənin əmri ilə atası Əbu Süfyanın və özünün üstünlükləri barədə hədislər uydurulur, bu nəslin xəbisliyi barədə hədis və rəvayətlər isə ciddi-cəhdlə ört-basdır edilib gizlədilirdi.
Belə yalançı hədislərin birində Abdullah ibn Abbasla sona çatan sənəd zənciri ilə rəvayət edilir ki, Məkkənin fəthindən sonra müsəlmanlar Əbu Süfyanın üzünə baxmır, onunla oturub-durmurdular. O da Allah Rəsulunun yanına gəlib dedi: “Ey peyğəmbər! Xahişim budur ki, mənə 3 şey əta et!” Peyğəmbər buyurdu: “Yaxşı”. Əbu Süfyan dedi: “Məndə ərəbin ən yaxşısı və ən gözəli olan Ümmi-Həbibə bint Əbu Süfyan var. Onu sənə (ərə) verim”. Peyğəmbər buyurdu: “Yaxşı”. Əbu Süfyan dedi: “Bir də oğlum Müaviyə var. Onu özünə katib et”. Peyğəmbər buyurdu: “Yaxşı”. Əbu Süfyan davam etdi: “Bir də məni əmir (qoşun başçısı) təyin et ki, vaxtilə müsəlmanlarla döyüşdüyüm kimi indi kafirlərlə döyüşüm”. Peyğəmbər yenə buyurdu: “Yaxşı” (Səhihü Müslim, “Səhabələrin fəziləti” kitabı, “Əbu Süfyan Səxr ibn Hərbin fəzilətlərindən” babı, hədis 6409).
Müslim rəvayəti təqdim etdikdən sonra Abdullah ibn Abbasdan əvvəlki ravinin – Əbu Zümeylin belə dediyini yazır: “Əgər o (Əbu Süfyan) bunları Peyğəmbərdən istəməsəydi, bu üstünlükləri ona əta etməzdi. Çünki o həzrətdən hər kim nə istəsəydi, “yaxşı” deyərdi”.
Bu qeyddən görünür ki, əvvəla, əgər bu üç xüsusiyyəti Əbu Süfyanın fəziləti kimi qəbul etsək belə, bilməliyik ki, bunları Peyğəmbər ona ikrahla və könülsüzlüklə vermişdi.
İkincisi, rəvayətdə xatırlanan “fəzilətlərin” hər biri ilə bağlı ciddi şübhələr mövcuddur. Əvvəla, Əbu Süfyanın qızı Ümmi-Həbibə Islamın ilk illərində öz birinci əri Übeydullah ibn Cəhşlə birlikdə müsəlman olmuş, daha sonra Həbəşistana hicrət etmişdilər. Həbəşistanda Übeydullah Islamdan çıxıb xristianlığı qəbul etdi (deyirlər ki, Islam dinini qəbul etməzdən əvvəl də o, xristian imiş). Amma Ümmi-Həbibə müsəlman olaraq qaldı və dinini dəyişməyəcəyini bildirdi. Bir müddət sonra Übeydullah vəfat etdi və Ümmi-Həbibə dul qaldı. Bundan xəbər tutan Peyğəmbər Həbəşistana bir elçi yollayıb, Ümmi-Həbibənin kəbinini özü üçün kəsdirdi. Bu kəbinin hicri 6-cı və ya 7-ci ildə kəsildiyini yazırlar. Bəzi tarixçilər isə Ümmi-Həbibə Mədinəyə qayıtdıqdan az sonra kəbinin kəsildiyini xəbər verirlər. Hər bir halda, kəbin Məkkənin fəthindən bir və ya iki il əvvəl kəsilmişdi. Ona görə də yuxarıdakı rəvayətdə Əbu Süfyanın Ümmi-Həbibəni Məkkənin fəthindən sonra Peyğəmbərə ərə verməsi barədə deyilənlər ağ yalandır.
Əbu Süfyanın Peyğəmbərdən ikinci xahışı bu idi ki, onun oğlu Müaviyəni özünə katib götürsün. Burada hansı katiblikdən söhbət getməsi çox mühümdür. Əhli-sünnə mənbələrinin bir hissəsində Müaviyənin guya vəhy katibi olduğu və Peyğəmbərin diqtəsi ilə ayələri köçürdüyü iddia edilir. Peyğəmbərimiz ümmi olduğu üçün, yəni yazıb-oxumadığına görə, gələn vəhyləri savadlı səhabələrə diqtə edir və onlar ayələri köçürürdülər. Bu səhabələrə “vəhy katibi” deyilirdi. Müaviyənin vəhy katibi olması bir çox kitablarda onun üçün ən böyük fəzilət hesab olunur.
Lakin bəzi mötəbər mənbələrə nəzər salsaq, məsələnin tam fərqli olduğunu görərik. Müaviyə vəhy katibi deyildi. O, yalnız Peyğəmbərin dünyəvi məsələlər barədə yazışmalarını həyata keçirirdi. Yəni Peyğəmbərin diqtəsi ilə ərəb qəbilələrinə məktublar yazırdı. Allah Rəsulu, Ona gələn vəhyləri kağıza köçürməyi Müaviyəyə etibar etmirdi. Əhli-sünnənin ən mötəbər rical mənbələrindən olan “əl-Isabə fi təmyizis-səhabə” kitabında məşhur tarixçi Mədainiyə istinadən yazılıb: “Mədaini deyib ki, Zeyd ibn Sabit vəhyi qələmə alırdı. Müaviyə isə Peyğəmbərin ərəblərə məktublarını yazırdı” (İbn Həcər Əsqəlani. Əl-İsabə fi təmyizis-səhabə, cild 6, səh. 113, hədis 8063).
Eyni məlumatı Şəmsəddin Zəhəbi də təsdiq edir: “Zeyd ibn Sabit vəhyi yazırdı, Müaviyə isə Peyğəmbərin ərəblərə məktublarını qələmə alırdı” (Şəmsəddin Zəhəbi. Siyərü əlamin-nübəla, cild 3, səh. 122-123).
(ardı var)