ARANTV.AZ xəbər verir ki, bu gün Azərbaycanın hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində fəaliyyət göstərən “Buta Airways” aviaşirkətinin donanmasına yeni “Embraer E-190” təyyarəsi əlavə olunub. Yeni gətirilən təyyarəyə bu ilin mayında Naxçıvan Muxtar Respublikasının erməni işğalından azad olunan Günnüt kəndinin adı verilib.
Azərbaycan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının 1992-ci ildə Ermənistna silahlı birləşmələri tərəfindən işğal edilən Günnüt kəndini bu ilin mayında azad etməsi hər bir azərbaycanlıda böyük fəxarət hissi oyadıb. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb. “Buta Airways” aviaşirkəti isə yeni təyyarəsini Günnüt kəndinin şərəfinə adlandırıb. Təyyarənin qarşılanma mərasiminin xüsusi qonaqları arasında işğaldan azad olunan Günnüt kəndinin sakini Nəsib Novruzov da var idi.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”-ə məxsus yeni “Embraer E-190” təyyarəsi Braziliyadakı istehsalçı zavoddan gətirilib. Yeni təyyarə loukosterin donanmasında sayca 7-cidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər həyata keçirəcək. Təyyarə ekonom sinif modifikasiyalı 106 nəfərlik sərnişin tutumuna malikdir. Yaxın zamanda “Buta Airways”in donanmasına bu tip daha bir təyyarənin əlavə olunması gözlənilir.
“Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirir. Bu layihənin icra edilməsi ölkə vətəndaşlarının daha ucuz qiymətə dünyanın müxtəlif şəhərlərinə səyahət etməsinə imkan yaratmaqla yanaşı, Azərbaycana gələn turistlərin sayının artmasına da təsir edir. Ölkəmizə əcnəbiləri cəlb edən məqamlardan biri də nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıdır. Şübhəsiz ki, turizmin inkişafına birbaşa reyslərin təşkili öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin Mülki Aviasiyaya göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə beynəlxalq aeroportların sayı da artır. Bu arada, “Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu “Skytrax” mükafatlarına layiq görülüb. Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısının “4 Ulduzlu aviaşirkət” reytinqini növbəti dəfə təsdiq edib. Bu, “Azərbaycan Hava Yolları”nın xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilməsinin göstəricisidir. AZAL aviaşirkəti “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının da qalibi olub. Bu ilin mayında isə Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə görə, hava limanınlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”-un maksimal “5 Ulduz” statusuna layiq görülüb. İndiyədək bütün dünya üzrə cəmi 8 hava limanının sahib olduğu nüfuzlu “5 ulduz”da Heydər Əliyev Beynəlxalq Aeroportu da yer alıb. Bu gün ən aparıcı aviaşirkətlər Azərbaycandan dünyanın müxtəlif istiqamətlərinə uçuşlar yerinə yetirir.
