ARANTV.AZ xəbər verir ki, Azərbaycan yerləşdiyi regionda Avstriyanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimizin ticari ələqlərini genişləndirmək üçün yaxşı imkanlar var. Bu sözləri Bakıda səfərdə olan Avstriyanın vitse- kansleri Haynts-Kristian Ştraxe Milli Məclisdə keçirdiyi görüşdə səsləndirib.
Azərbaycan-Avstriya əlaqələri yüksələn xətlə inkişaf edir. Əlaqələrin inikişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rolu var. Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, əməkdaşlıq üçün yaxşı hüququ baza da yaradılıb. İndiyədək 39 ikitərəfli sənəd imzalanıb, daha 10 sənəd isə imzalanma ərəfəsindədir. Spiker Cənubu Qafqazda iqtisadi potensialına görə lider dövlət olan ölkəmizin qazandığı uğurlar, həyata keçirdiyi iri layihələrdən danışaraq bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ problemindən də söz açaraq münaqişənin nizamlanması üçün beynəlxalq qurumların qəbul etdiyi çoxsaylı sənədləri xatırlatdı. Parlamentlərarası əməkdaşlıqdan da razılıq edərək Milli Məclisin əlamətdar hadisə ərəfəsində olduğunu dedi. Diqqətə çatdırdı ki, iki gün sonra müsəlman Şərqində ilk demokratik cumhuriyyəti quran Azərbaycan parlamentinin 100 ilik yubileyi çoxsaylı qonaqların iştirakı ilə təntənəli şəkildə qeyd olunacaq. Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe də ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirərək münasibətlərdə rəsmi səfərlərin və görüşlərin mühüm rolunu vurğuladı. Bildirdi ki, Bakıya səfərinin məqsədi də mövcud əməkdaşlığın dərinləşdiririlməsidir. Azərbaycan yerləşdiyi regionda Avstriyanın əsas ticarət tərəfdaşlarından biridir. Lakin bu əməkadaşlıq ölkələrimizin potensialına uyğun deyil və genişləndirilməsi üçün hər iki dövlət yaxşı imkanlara sahibdir. Haynts-Kristian Ştraxe Azərbaycanda həyata keçirilən iqtisadiyyatın saxələndirilməsi siyasətinin onlar tərəfindən böyük maraqla qarşılandığını dedi.
