ARANTV.AZ xəbər verir ki,Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub. “Yeni İpək Yolu” mövzusunda keçirilən tədbirdə Azərbaycanın transregional nəqliyyat bağlantılarının daha da gücləndirilməsinə verdiyi töhfələrdən danışılıb.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sahəsinin inkişafında nəqliyyat sektoru mühüm əhəmiyyətə malikdir. Azərbaycanın həyata keçirdiyi regional layihələr, əlverişli geostrateji mövqeyə malik ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi iki ölkə arasındakı mövcud imkanların genişlənməsinə təkan verəcək. “Yeni İpək Yolu” mövzusunda keçirilən tədbirdə bildirilib ki, Transxəzər Şərq-Qərb ticarət və tranzit dəhlizi Çinlə Avropa arasında ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından da səmərəlidir. Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Dəhliz boyu sabitlik, təhlükəsiz daşınma, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq, müasir standartlara cavab verən infrastruktur Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artırır. Bu dəhliz Çinin “Bir kəmər-Bir yol” təşəbbüsünün mühüm komponentinə çevrilib. Dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu “bir pəncərə” sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə də məlumat verilib.
