ARANTV.AZ xəbər verir ki, Moskvada keçirilən “WorldFood Moscow-2018” beynəlxalq qida sərgisi çərçivəsində Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və ölkəmizin Rusiyadakı ticarət nümayəndəliyinin birgə təşkil etdiyi enoqastronomik furşetdə şərablarla yanaşı, Azərbaycan mətbəxinin ləziz təamları, meyvə və tərəvəzlər, çay, konservləşdirilmiş məhsullar, alkoqolsuz içkilər, qənnadı məmulatları, mürəbbələr təqdim olundu. Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın milli mətbəx ənənələrinin bütün dünyada özünəməxsus yer tutduğunu qeyd etdi. Vurğulandı ki, sərgidə tərəfdaş ölkə kimi iştirak edən Azərbaycanın vahid “Made in Azərbaycan” stendi qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev qeyd etdi ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan mətbəxinin zənginliyini göstərmək, həmçinin Azərbaycan şərablarının milli mətbəxlə harmoniyasını nümayiş etdirməkdir. Rusiyadakı Azərbaycan icmasının rəhbəri, akademik Fazil Qurbanov iki ölkə arasında bütün sahələrdə əlaqələrin dinamik inkişafından danışdı. Dedi ki, Azərbaycan iqtisadiyyatı bütövlükdə qonşu dövlətlərin və bölgələrin iqtisadiyyatı ilə sıx əlaqədədir. Rusiya bazarı isə Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir və ölkəmizdən gətirilən məhsullar Rusiya bazarında öz keyfiyyəti ilə seçilir. Daha sonra qonaqlara, “WorldFood Moscow 2018” sərgisində iştirak edən Azərbaycan şirkətlərininin tanıtım çarxları nümayiş etdirildi.
Tədbirin sonunda qonaqlar “Made in Azerbaijan” stendində təqdim olunan məhsullarla tanış oldular.
