Ağdamda “Ehtiyacın var götür, imkanın var əlavə” aksiyası.
Xeyirxahlıq, rəhmdillik xalqımıza məxsus milli dəyərlərdən biridir. Bir-birinin əlindən tutmaq, ehtiyacı olana kömək əli uzatmaq çoxdan bizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.
Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdən də yan keçməmiş və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşların, ayrı-ayrı sahibkarların dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verməsi, onlara əməl etməsi zəruridir. Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.
Cənab Prezidentin fərmanı ilə “Koronavirusla Müabarizəyə Dəstək Fondu” yaradılmışdır. Bu fonda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 1 illik əməkhaqlarını ianə etmiş, bir çox dövlət və özəl qurumlar, eləcə də sıravi vətəndaşlar bu təşəbbüsə qoşulmuşlar.
Ağdamlılar da bu çətin günlərdə xeyirxah əmələ imza atıblar. Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Quzanlı qəsəbəsində fəaliyyət göstərən “AĞDAM MARKET”-də “Ehtiyacın var götür, imkanın var əlavə” aksiyası başladılıb. Burada imkansız, ehtiyacı olan sakinlərin pulsuz ərzaq əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz ərzaqla təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnirlər.


