Rusiya yenə İkinci dünya müharibəsinin bitməsi ilə bağlı tədbirə çağırılmadı-yerli kremlpərəstlər qalmaqal qopardı
Almaniya bir daha Rusiyanı İkinci dünya müharibəsinin başa çatmasının 75 illiyi ilə bağlı keçirilən tədbirlərə çağırmadı.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, alman tərəfi bunu həmin tədbirdə yalnız öz vətəndaşlarının iştirak edə biləcəyi ilə əsaslandırıb.
AFR hökumətinin nümayəndəsi Ulrike Demmer xəbəri təsdiqləyib.
Maraqlıdır ki, Rusiya tərəfi buna olduqca sərt təpki göstərib. Almaniyada rusiyapərəst qüvvələr də hərəkətə keçib. Kremlə yaxınlığı ilə bilinən “Almaniya üçün Alternativ” (AüA) partiyasından olan deputat Valdemar Gerdt (Aşağı Saksoniya) Avropanın Rusiyanın bu müharibədəki rolunu qəsdən azaltmaq niyyətini daşıdığını, bununla Moskvaya “əlavə imic kapitalı” vermək istəmədiyini söyləyib.
Buna görə hökumət rəsmi açıqlama yayaraq yubileydə yalnız ölkənin icraedici, qanunverici və məhkəmə hakimiyyətinin ali nümayəndələrınin olacağını deməklə kifayətlənb. Ulrike Dammerin sözlərinə görə, onsuz da koronavirus pandemiyası əcnəbi rəsmilərin iştirakına imkan vermir.
Almaniya parlamentinin özündə isə Rusiyaya yönəlik sanksiyaların götürülməsi çağırışları güclənir. Bu il martın sonlarında Bundestaq deputatı, AüA partiyasından Anton Frizen Almaniya iqtisadiyyatının özünün bu sanksiyalardan hər ay 667 milyon, ildə isə 8 milyard avro pul itirdiyini bildirib.
Bundan başqa, Saksoniya əyalətinin baş naziri Mixael Kreçmer də bənzər bəyanat sələndirərək, hətta Rusiya prezidenti Vladimir Putini Saksoniyaya dəvət edib.

