Azərbaycan pambıqdan milyardlar qazana bilər
Əhmədova: “Ölkəmiz bu sahədən ildə 1 milyard 479 milyon manat gəlir əldə edə bilər”
Ölkə ərazisində pambıq yığımı başlayıb. Hökumətin bu sahəni prioritet elan etməsindən sonra əksər bölgələrdə pambıq istehsalı həyata keçirilir. Bu il dövlət tərəfindən daha bir addım atılaraq pambığın alış qiyməti artırıldı. Pambıq istehsalı ilə məşğul olan fermerlərin maddi rifahının yaxşılaşdırılması və məhsul istehsalına həvəsləndirilməsi məqsədilə pambığın alış qiymətinə 50 manat əlavə olunub.
ARANTV.AZ bildirir ki, bu il ölkə üzrə 132 min hektar ərazidə pambıq əkilib. Müvafiq olaraq, 260 min ton pambıq yığımı nəzərdə tutulub. Ümumi hesablamalara görə, pambıq istehsalı ilə məşğul olan fermerlər bu il əlavə olaraq 12-13 milyon manat qazanc əldə edə biləcəklər.
Həmçinin mövsümlə əlaqədar pambıq yığımı üçün yeni texnikalar da gətirilib. Yaxın günlərdə kütləvi pambıq yığımına başlanılması nəzərdə tutulur.
Bəs görəsən, bu sahənin inkişafı üçün daha nələr etmək olar? Pambıqçılıqla bağlı dünya bazarında ən mühüm yer tutan ölkələr hansılardır və onların ölkəmizdə tətbiqi mümkündürmü? Azərbaycan pambıqdan maksimum nə qədər vəsait əldə edə bilər?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, son illər ölkədə pambıq istehsalı artsa da, bir hektar əraziyə düşən pambıq həcminə görə məhsuldarlıq yetərli səviyyədə deyil: “Sovet dövründə ölkəmizdə çox inkişaf etmiş olan pambıqçılığın müstəqillikdən sonra tənəzzülə uğradığını desək yanılmarıq. Hələ 1970-80-ci illərdə ölkəmiz 1 milyon tona qədər pambıq tədarük edirdi. Son bir neçə ildə Azərbaycanda yenidən pambıqçılığa maraq artsa da nəticələr bir o qədər də ürəkaçan deyil. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə 18 min hektar, 2016-cı ildə 56,4 min hektar, 2017-ci ildə 136,4 min hektar ərazidə pambıq əkildi və müvafiq olaraq 2015-ci il üzrə 35 min ton, 2016-cı il üzrə 89.4 min ton, 2017-ci il üzrə 207.5 min ton pambıq məhsulu əldə edildi. Statistik məlumatlara inansaq, son 3 ildə pambıq istehsalının 5 dəfə artdığı və hər hektar ərazidən ortalama 1.73 ton məhsul yığıldığı görünür. Ancaq ən çox pambıq istehsal edən rayonlarımızdan sayılan Sabirabadda fermerlər 10 hektar ərazidən 3 ton, ən yaxşı halda 5 ton pambıq götürdüklərini deyirlər. Bu isə hər hektar üçün cəmi 300-500 kq məhsul deməkdir. Rayon fermerləri əvvəllər əsasən taxıl və bostan tərəvəzləri əkdiklərini, indi isə onların pambıq əkməyə təşviq olunduqlarını qeyd edirlər. Pambıqçılıq çox əziyyətli və zəhmət tələb edən sahə olmasına baxmayaraq, fermerlərimiz çəkdikləri zəhmət və əziyyətin qarşılığını ala bilmirlər. 1 kq pambıq keyfiyyətindən asılı olaraq təqribən 20-40 qəpik arasında dəyərləndirilir”.
V.Əhmədova vurğuladı ki, ölkəmizdə pambıqçılığın üzləşdiyi problemlərin başında su çatışmazlığı gəlir: “Biləsuvar fermerləri əkin sahələrini Araz çayından götürülən su hesabına suladıqlarını, pambıq bar gətirdiyi vaxt çayda suyun azalmasının məhsuldarlığa ciddi təsir göstərdiyini vurğulayırlar. Fermerlərin üzləşdikləri problemlər bununla bitmir, bu sahə ciddi maddi-texniki baza, gübrə, anbar və mütəxəssis çatışmazlığı yaşayır. Ölkə rəhbərliyi tərəfindən 2017-ci ildə 200 min hektar ərazidə pambıq əkiləcəyi, 250-300 min ton pambıq istehsal edilə biləcəyi ilə bağlı səsləndirilən bir sıra bəyanatlar isə öz təsdiqini hələ tapmayıb”.
Pambıqçılıqla bağlı xarici ölkələrin təcrübəsini diqqətə çatdıran ekspert bildirdi ki, ərazisi ölkəmizdən 4 dəfə kiçik olan (20.770 km2) və şirin su ehtiyatları baxımından qıtlıq çəkən İsrail pambıq istehsalındakı məhsuldarlığa görə dünya üzrə ilk beş ölkə arasında üçüncüdür: “Digər ölkələr Avstraliya, Türkiyə, Braziliya və Meksikadır. Dünyada ilk dəfə olaraq İsrail pambıq istehsalçıları yüksək duz tərkibli sudan suvarmada istifadə edərək yüksək məhsuldarlıq əldə etməyə müvəffəq oldular. İlkin olaraq geniş ərazilərin olduğu Negev səhrasında bu təcrübələrini reallaşdırdılar. Eksperimental becərmə aparılan ərazilərdə suvarma üçün istifadə olunan suyun 1 litrində xloridlərin miqdarı 1000 mq təşkil edirdi. Bu göstərici içməli suda icazə verilən duz səviyyəsini 5,5 dəfə üstələyir. Bu cür duz konsentrasiyalı su ilə suvarma nəticəsində 1 hektar ərazidən 2760 kiloqram pambıq lifi əldə etmələri mümkün olmuşdu. Məhz belə bir uğurlu məhsuldarlıqdan sonra İsraildə duzlu sudan istifadə edilərək kommersiya məqsədli pambıq becərilməsinə başlandı. Bu ölkədə pambıq istehsalının daha yüksək səviyyələrə çatdırılmasında damcı suvarma üsulunun da rolu böyükdür. Pambıq istehsalına görə dünyada ilk onluğa daxil olan ölkələr isə sırası ilə Çin, Hindistan, ABŞ, Pakistan, Braziliya, Özbəkistan, Türkiyə, Avstraliya və Türkmənistandır”.
İqtisadçı Türkiyə təcrübəsinin ölkəmiz üçün əlverişli olduğunu qeyd etdi:“Türkiyədə illik pambıq istehsalı 850-900 min ton təşkil edir və istehsal həcmi hər il artırılmaqdadır. Ölkə pambıq istehsalında dünyada 7-ci sırada yer alsa da, təqribən 1.5 milyon ton pambıq tələbatının yarısından çoxunu idxal hesabına ödəməkdədir. İllik 25 milyard dollarlıq tekstil və geyim əşyaları ixrac edən bir ölkə üçün pambıq idxalı normal qarşılana bilər. Bildiyiniz kimi, türk tekstil sektoru tədarük həcminə görə Avropa Birliyində 2-ci, dünyada isə 8-ci yerdədir. 1980-ci illərdə türk tekstil firmaları Avropada satış bazarları axtarışında idilərsə, bu gün Türkiyə dünyaca məşhur markaların istehsal bazasına çevrilmiş vəziyyətdədir. Türk tekstil sənayesi Cumhuriyyətin qurulmasından dərhal sonra fəaliyyətə başlamış, ilk mərhələdə ”Sümerbank” tərəfindən toxuculuq və əyirmə sahələrinə investisiyalar qoyulmuşdu. 1920-30-cu illərdə müəssisələr kafi istehsal tutumuna malik olmadıqları üçün ölkə xam pambığı ixrac edib, əvəzində hazır məmulatları xarici ölkələrdən satın alırdı. 1950-ci illərdə artıq türk tekstil sənayesi böyük irəliləyiş əldə etdi, pambığın çox hissəsi ölkə daxilində emal olunmağa başlandı, tekstil sektoru üzrə dünya bazarında güclü bir ölkə mövqeyinə gəldi. Hazırda türk markaları Avropa rəqibləri ilə yarışa biləcək səviyyədədirlər. Ölkə pambıq istehlakı baxımından isə dünya dördüncüsüdür (Çin, Hindistan, Pakistan, Türkiyə, Braziliya). Hazırda Türkiyədə fermerlərin çoxu sərfəli olduğu üçün qarğıdalı əkinindən pambıq əkininə keçid etməkdədirlər. Hökumət bu sahəyə kimyəvi gübrə, mazut, torpaq analizi, endirimli faizlə kredit, kənd təsərrüfatı investisiya və sığorta dəstəyi təmin edir. Hər kiloqram üçün fermerlərə əlavə olaraq dəstəkləmə mükafatı da verilməkdədir”.

Vüsalə Əhmədova hesab edir ki, Azərbaycan pambıq istehsalından 1,5 milyard manata yaxın illik gəlir əldə edə bilər: “Pambıqçılıq, ümumiyyətlə, kənd təsərrüfatının ən gəlirli sahələrindən biri hesab oluna bilər. Pambıq toxuculuq, iplik, yağ, kimya və səhiyyə sənayelərinin xammal mənbəyidir. Liflərindən tekstil sənayesində, çiyidindən yağ sənayesində, süni tekstil maddələri, kağız və heyvan yemlərinin hazırlanmasında istifadə olunur. Pambıqdan iplik, parça, trikotaj məmulatları və xalı istehsalından əlavə, çiyidindən 18-20 faiz yağ əldə edilməsi mümkündür. Pambıq ixracından əldə olunan gəlirlərə nəzər salsaq, xam pambığın kiloqramı ölkə üçün təxminən 1 ABŞ dolları, pambıq ipliyinin kiloqramı 3 ABŞ dolları, pambıq tikiş məmulatlarının kiloqramı 20 ABŞ dolları gəlir gətirir. İxrac gəlirlərinin artırılması üçün xam pambığın deyil, daha çox emal olunmuş pambıq məhsullarının ixracına diqqət yönəldilməsi daha məqsədəuyğundur. Ölkədaxili istehsal xərcləri və satış qiymətlərinin yüksək olması, bəzi ölkələrin kvota tətbiq etməsi pambıq məmulatlarının ixracının azalmasına, əksinə, idxalın artmasına səbəb olmaqdadır. Beynəlxalq bazarlarda pambığın qiyməti ölkədaxili istehsal xərclərindən aşağı düşdükdə dövlət istehsalçılara subsidiyalar ayırmalıdır. Hazırda dünya bazarında 1 funt pambığın qiyməti 0,79 dollardır. Ölkə üzrə pambıq istehsalı ən az 500 min tona çatdırılarsa, ölkəmiz bu sahədən ildə 1 milyard 479 milyon manat gəlir əldə edə bilər. ”International Cotton Advisory Committee” və “International Cotton Researchers Association” təşkilatçılığı ilə mütəmadi təşkil olunan Dünya Pambıq Tədqiqatları Konfransında müzakirə olunan pambıq məhsullarının marketinqində yeni trendlərin təqibinin ölkəmiz üçün də faydalı ola biləcəyini düşünürəm”.musavat.com

