Gündəm 

Ötən gün orbitə çıxarılan “Azərspace 2” peyki ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək

ARANTV.AZ xəbər verir ki, ölkəmizdə peyk müşahidə xidmətləri sahəsində dövlət proqramı hazırlanır. 2019-2022-ci illəri əhatə edəcək proqram üzrə işlər artıq yekunlaşmaq üzrədir. Ümumilikdə, Azərbaycan kosmik məkanda mövqeyini daha da möhkəmləndirir. Ötən gün orbitə çıxarılan təkcə “Azərspace 2” peyki ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək.

Azərbaycanın müstəqillik tarixində daha bir əlamətdar və uğurlu hadisəyə şahidlik etdik. Son 5 il ərzində “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” müşahidə peykindən sonra sayca üçüncü peyk “Azərspace 2” orbitə çıxarıldı. Bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyevin də bildirdiyi kimi, ölkəmiz kosmik məkanda mövqeyini daha da möhkəmləndirir. Artıq əminliklə demək olar ki, Azərbaycan kosmik dövlətə çevrilib. “Azərspace 2”, ümumilikdə 3 peykimizin orbitə çıxarılması ölkəmizin dünyada imicinin daha da yüksəldilməsi, kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın güclənməsi, informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, Azərbaycanın telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı tam aradan qaldırılır, yerli kanallarımızın dünyaya yayılmasında, kosmik sənayenin inkişafı və bu sahədə kadr hazırlığında vacib rol oynayır.

Azərbaycanın kosmik sənayedə əldə etdiyi nailiyyətlər həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Çünki kosmik sənayenin uğuru iqtisadiyyatın bu sahəsində inkişafı stimullaşdırır.

Azərbaycanın orbitə çıxardığı peyklər kosmik xidmətlər bazarında yerini möhkəmləndirir. Rabitə xidmətləri təklif olunur, müxtəlif nüfuzlu təşkilatlara, şirkətlərə əhəmiyyətli informasiyaları sata bilir. Bu isə kifayət qədər gəlir deməkdir. Bu baxımdan “Azərspace 2” peykindən də gözləntilər böyükdür.

Digər peykimiz “Azərsky”ya gəlincə, bu müşahidə peyki dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində xüsusi rola malikdir. Ümimiyyətlə isə ölkəmizdə müşahidə xidmətləri sahəsində ayrıca dövlət proqramı hazırlanır. Proqram 2019-2022-ci illəri əhatə edəcək. Artıq bununla bağlı işlər yekunlaşmaq üzrədir.

Daha çox xəbərlər