Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Misirdə də yad edilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin Misirin Qalyubiyyə vilayətinin Qanatir şəhərindəki Misir-Azərbaycan Dostluq parkında ucaldılan abidəsini ziyarət edib, önünə əklil qoyaraq Ulu Öndərin əziz xatirəsini yad ediblər.
Ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar məqaləsi Misirin nüfuzlu “Əl-Əhram”, “Əl-Cumhuriyyə”, “Əxbarulyaum”, “Əl-Masyelyoum”, “Qalyubiyyanews” və digər qəzet və portallarında dərc edilib.
Məqalədə ulu öndər Heydər Əliyevin şanlı ömür yolu haqda ətraflı məlumat verilir, müasir Azərbaycanın çiçəklənməsi və uğurlu inkişafının onun adı ilə bağlı olduğu qeyd edilir. Həmçinin Misir oxucularına Heydər Əliyevin dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışdığı müddətdə gördüyü misilsiz xidmətlər barədə ətraflı məlumat verilir, onun dühası və irsinin Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacağı vurğulanır. Qeyd olunur ki, Ulu Öndərin Misir Ərəb Respublikası və ümumiyyətlə ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişafında misilsiz xidmətləri var. //AZƏRTAC

