“Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır” – Emil Əkbərov
Bu gün müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Müasir Azərbaycan dövlətçiliyi məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev milli dövlətçiliyin memarı, onu inkişaf etdirən şəxs, qüdrətlənməsini təmin edən, bu yolda özünün və ailəsinin həyatını riskə atan şəxsdir.
Hələ 1990-ci ildə 20 yanvar qırğınından sonra Moskvada yaşayan azərbaycanlıları bir yerə toplayan, kəskin bəyanatlar səsləndirən, imperiya siyasətini ifşa edən də məhz Heydər Əliyev idi. Elə bir dönəmdə, imperiyanın mərkəzində bu addımı atmaq üçün insanda böyük iradə, cəsarət lazım idi və Heydər Əliyevdə bu keyfiyyətlər də kifayət qədər çox olduğu üçün bu addımı atdı.
Sonradan 1993-cü ildə böhran vəziyyətində də Heydər Əliyev xalqın təkidi və tələbi ilə Bakıya gəldi və xalqı, dövlətçiliyi tənəzzüldən tərəqqiyə qovuşdurdu.
Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.
Zamanın bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əilyev uzaqgörən dövlət başçısı kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilmiş, Azərbaycanın dünəni, bugünü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman ən düzgün mövqe tutmuş, zəruri qətiyyətlə hərəkət etmişdir.
Ümumilli liderimizin çoxcəhətli və möhtəşəm fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanan Heydər Əliyevə olan vətəndaşlıq borcumuz, dövlətə müstəqillik, xalqa isə azadlıq bəxş edən rəhbərə bəslənən sonsuz ehtiram bu günlərdə səslənən hər bir ifadədə öz əksini tapır.
Tarixə nəzər salaq, müxtəlif dövrlərdə elə dahi şəxsiyyətlər olub ki, onlar xalqlarının taleyində əvəzsiz rol oynamış, tarixin çətin sınaqlarından müdrikliklə çıxaraq özünün dəmir iradəsi, güclü liderlik bacarığı sayəsində öz millətini intibaha, yüksəlişə aparmağa nail olmuş, nəticədə xalqı və vətəni naminə gördüyü misilsiz xidmətləri ilə tarixi salnamələri yaratmışlar. Belə insanların taleyinə digərlərindən fərqli olaraq xilaskarlıq missiyası yazılır, onların üzərinə bütöv bir xalqı, toplumu birləşdirmək, öz ardınca cəmiyyəti, hər bir fərdi inkişafa, rifaha, sabitliyə, əmin-amanlığa doğru aparmaq kimi mühüm və məsuliyyətli bir vəzifə düşür. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə dahi tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ümummilli liderimiz Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi.
Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır…
Ulu öndər hər zaman deyirdi: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik ki, ulu öndərimizin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın, ən əsası güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşlarıyıq.
Emil Əkbərov
“Big Group”un rəhbəri

