Sumqayıtda quruculuq abadlıq işləri davam edir
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın müasir nailiyyətləri mühüm sənaye mərkəzi olan Sumqayıtın sosial-iqtisadi həyatında da özünü göstərir. Gələn il 70 yaşını qeyd etməyə hazırlaşan şəhər uğurlarının miqyasını ildən-ilə genişləndirir. Müasir infrastruktur layihələr şəhərin simasını daha da cazibədar, rəngarəng edib.
Sürətlə abadlaşan Sumqayıt bu gün sanki yenidən qurulur. Burada davamlı infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Yollar təmir edilir, binaların dam örtüyü, giriş qapıları dəyişdirilir, fəsadları müasir üslubda üzlənir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur. Şəhərin müasir görkəmi isə sakinlərin rahatlığı ilə yanaşı, zövqünü də oxşayır.
Regionun ən böyük sənaye mərkəzlərindən olan Sumqayıtda sağlam ekoloji mühitin yaradılması, ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər də nəticəsini verir. Bu məqsədlə şəhərdə yaşıllıqlar salınır, yol ətrafında ağac və gül kolları əkilir. Bu günə qədər parklarda, yol kənarlarında 1 milyona yaxın mövsümi və çox illik dekorativ gül kolları, 75 min ağac əkilib. Bir sözlə, sumqayıtlıların həvəslə gəlib dincəldikləri parklarda yaşıllıqlar göz oxşayır, gül-çiçəklər gözəlliyə xüsusi rəng qatır.
Şəhərin 9, 10, 11, 13, 18-ci mikrarayonlarında 97 hündürmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəzlənib. Şəhərin təmir edilən küçələrində ayrı-ayrı marşrutlar üzrə hərəkət edən çoxsaylı yeni sərnişin avtobusları da şəhərin nəqliyyat infrastrukturunda yenilikdir.
Şəhərdə yol infrastrukurunun yenidən qurulması ilə bağlı da genişmiqyaslı işlər görülür. Belə ki, 1, 7, 8, 12, 26 və 41- ci məhəllələrdə, eləcə də 2 və 3-cü mikrorayonlarda yolların asfalt örtüyü təmir edilib. Ümumilikdə məhəllələrə 277 min 775 kvadrat metr asfalt vurulub. Piyada yollarına beton və qranit daşları düzülüb. Nəriman Nərimanov küçəsi və Azərbaycan prospektindəki yaşayış binalarının fasadları gülbağ daşla üzlənib, dam örtükləri isə metal kirəmitlə əvəzlənib. Şəhərin küçələri də hər gün xüsusi maşınlar vasitəsi ilə yuyulur.
Sumqayıt ölkəmizin sənaye mərkəzlərindən biri olmaqla yanaşı həm də müasir infrastrukturu, böyük turizm potensialı olan bir şəhərdir. Sumqayıtlılar da bu gün gözəlləşən şəhərləri ilə fəxr edirlər. İnkişaf hədəfləri daha işıqlı sabaha, daha nurlu gələcəyə hesablanan Sumqayıt özünün şanlı yubileyini də yeni-yeni töhfələrlə qarşılayacaq.

