Ölkəmizin kənd təssərrüfatı pandemiya dövründə
Son iki ay ərzində COVID-19 nəyə qadir olduğunu həm də inkişaf etmiş ölkələrin belə iqdisadiyyatında yaranan böhranla özünü büruzə verdi. Belə çətin şəraitdə hər bir ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sağlam qalması üçün torpağa üz tutmağın yeganə çıxış yolu olduğunu danmaq olmaz. Pandemiya dövründə mövsümi şəraitdən istifadə etməklə əkin işləri və məhsul yığımına dair BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının tövsiyələri də məhz bu məqsədə xidmət edir. Bu təşkilatın Azərbaycanla səmərəli əməkdaşlığı kənd təsərrüfatında məhsuldarlığın artırılmasına yönələn aqrar islahatlara töhfə verir. Əlbəttə, Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü təmin etməyə imkanı olan ölkədir. Hazırda respublikamızın ümumi torpaq fondu 8,6 milyon hektar olsa da, onun yalnız 4,5 milyon hektarı kənd təsərrüfatı üçün yararlıdır. Ona görə də koronavirus pandemiyasının kənd təsərrüfatına mənfi təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlər görülür. Eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması üçün postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir. Ölkəmizdə həyata keçirilən ciddi tədbirlər nəticəsində koronavirusun geniş yayılmasının qarşısı alınaraq, insanların sağlamlığı qorunur.
İlk gündən koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, o cümlədən fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atıldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə təsərrüfat işləri davam etdirildi. Pandemiya dövrünün ilk mərhələsində ölkəmizdə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatı tam şəkildə ödəmək üçün həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yaşanmadı. Hazırda ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Eyni zamanda, rayonlarda təsərrüfatlara, kənd təsərrüfatı infrastrukturuna Kənd Təssərrüfatı Nazirliyi tərəfindən müntəzəm baxış keçirilir.
Belə ənənəvi baxışlardan biri iki gün əvvəl – mayın 14 -də Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına keçirilib. Məlum olduğu kimi, Quba-Xaçmaz iqtisadi rayonu tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb və kənd təsərrüfatı məhsullarının ixracında bu rayonların payı böyükdür. Xaçmaz rayonunda yeni salınmış albalı, armud, şaftalı, gilas meyvələrinin əkildiyi müasir tipli bağın sahəsi artırılaraq 24 hektardan 76 hektara çatdırılıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib.
Nazir İnam Kərimov Xaçmaz sort sınaq məntəqəsinin tikinti işlərinin gedişi ilə maraqlanıb, 2500 ton tutumu olan soyuducu anbara baxış keçirib, Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ” layihəsi çərçivəsində görülən işlərlə tanış olub. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. “Ağıllı bağ”da Günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. Burada mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunur. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Bundan başqa, sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq. Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, “Fermer evi”nə, İkinci Nügədi kəndində yerləşən intensiv bağa baxış keçirib, fermerlərlə fikir mübadiləsi aparıb. Fermerlər bildiriblər ki, dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək insanların kənd təsərrüfatına marağını daha da artırıb.
Kənd Təsərrüfatı naziri jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir qeyd edib ki, xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının ixracında heç bir problem yoxdur, bu il sahələrdə məhsulun bol olması fermerlərə öz məhsulunu həm daxili bazarlara çıxarmağa, həm də xarici ölkələrə ixrac etməyə imkan verir.
Bəli, əminliklə demək olar ki, dövlətin diqqət və qayğısı ilə postpandemiya dövründə kənd təsərrüfatının sürətli inkişafı təmin ediləcək və ölkəmizdə insanların ərzaq məhsullarına olan tələbatı daxili imkanlar hesabına ödəniləcək. Azərbaycan pandemiya dövründə olduğu kimi, pandemiyadan sonrakı dövrdə də dünyanın ən qüdrətli dövlətlərindən biri olduğunu sübuta yetirəcək.
Nurəddin Muğanlı, “İki sahil”

