Dünya 

Hərbi ekspert Tovuz döyüşləri ilə bağlı çağırış etdi

Emin Həsənli: “Biz mütləq qalib gələcəyik”

İyulun 12-də günorta saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq təxribata əl atıblar. Bu zaman mövqelərimizi ələ keçirmək üçün artilleriya atəşlərindən istifadə ediblər.

Lakin Azərbaycan ordusu tərəfindən düşmənə sarsıdıcı zərbə endirilib və ermənilər itki verərək geri çəkiliblər. Döyüş nəticəsində ordumuzun iki əsgəri şəhid olub, beş hərbçimiz isə yaralanıb.

Ordumuza ictimaiyyət tərəfindən böyük dəstək göstərilir. Sosial şəbəkələrdəki əksər statuslar bu döyüşə həsr olunub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bu döyüşlərlə bağlı ictimaiyətə çağırış edib.

Musavat.com həmin çağırışı təqdim edir:

“Əziz dostlar, bacılar və qardaşlar. Hər birimiz Silahlı Qüvvələrimizə dəstək olmalıyıq. Ordumuz düşmənlə üz-üzə ağır əməliyyatlar aparır. Hamımız bunu böyük ruh yüksəkliyi ilə izləyirik. Ordumuz güclüdür, ən müasir silahlarla təmin olunub, döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Biz 2016-cı ilin aprel döyüşlərində bunun şahidi olduq. Sonunda biz mütləq qalib gələcəyik. Müharibənin döyüş hissəsini ordu aparır. Biz hamımız bir əsgər kimi bunun ideoloji tərəfini aparmalıyıq. Həssas olub, dövlətin rəsmi mövqelərini müdafiə etməliyik. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatları yaymalıyıq. Düşmən hər zaman çalışır ki, ordumuzda inamsızlıq yaransın. Bunun üçün müxtəlif şayiələr yayırlar. Biz bunu daim görürük. Yaxın tarixdə də bunun az şahidi olmamışıq. Qarabağ müharibəsinin birinci mərhələsində necə bir şayiələr yaydıqlarını görmüşük. İndi də belə üsullardan sosial mediada istifadə etmək istəyirlər. Bunun üçün müxtəlif saxta səhifələr hazırlayırlar. Bu məsələdə çox həssas olmaq lazımdır. Bir nəfər kimi ordumuzu müdafiə etməli, döyüşən əsgərlərimizə dəstək olmalıyıq”.

Hərbi ekspert cəbhə xəttində yaşayan vətəndaşlara səslənib:

“Cəbhə xəttində yaşayan vətəndaşlarımızı bu məsələdə aktiv olmağa çağırıram. Hazırda hərbi əməliyyatların getdiyi Tovuz istiqamətində vətəndaşlarımız aktiv olmalıdır. Bəzən bilmədən elə informasiyalar yayıla bilər ki, bu bizim ziyanımıza olar. Şükürlər olsun ki, bütün cəbhə boyu istiqamətində yaşayan əhali ilə aparılan işin öz müsbət nəticəsi var. Biz etibarlı mənbələrə istinad etməliyik. Allah ordumuzu müzəffər, qalib etsin. Qələbə bizimdir”.

Musavat.com

Daha çox xəbərlər