“The Washington Times” Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
ARANTV.AZ xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının nüfuzlu “The Washington Times” qəzetində Con Boltonun Bakıya qarşıdakı səfəri və Birləşmiş Ştatlar-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edilib.
“Con Bolton Azərbaycana yola düşür” sərlövhəli məqalədə Amerika Birləşmiş Ştatları Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşavirinin Bakıya nəzərdə tutulan səfəri və Amerika ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan bəhs olunur. Müəllif “Caspian Group Holdings”in direktoru Rob Sobhani yazır ki, Cənab Bolton geosiyasi cəhətdən bu mühüm ölkəyə səfərindən Vaşinqtonun Azərbaycana dəyişməz və güclü dəstəyini təsdiq etmək üçün istifadə etməlidir. Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabit, müstəqil, çiçəklənən, dini cəhətdən tolerant və müasir dövlətə çevrilib. 11 sentyabr 2001-ci il terror aktlarından dərhal sonra Prezident Heydər Əliyev qlobal terrorizm təhlükəsinə qarşı mübarizədə Amerika Birləşmiş Ştatlarını tam və qeyd-şərtsiz dəstəklədiyini bəyan etməsindən danışan müəllif vurğulayır ki, Azərbaycan hərbçiləri İraqda və Əfqanıstanda amerikalı əsgərlərlə çiyin-çiyinə xidmət keçməkdə davam edirlər. Yazıda qeyd olunub ki, Con Bolton Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın verdiyi töhfəni alqışlamalıdır.

