Siyasət 

İtaliya Senatının sədri Milli Məclisdə olub

ARANTV.AZ xəbər verir ki, “Azərbaycan parlamentarizm ənənələrinə sahib olan ölkədir. Fərəhli haldır ki, Şərqdə ilk dəfə qadınlara seçki hüququ Azərbaycan verib”. Bu fikri ölkəmizdə səfərdə olan İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati Milli Məclisdə keçirdiyi görüşdə səsləndirib. Qonaq Bakıya səfərinin böyük tarixi əhəmiyyət daşıdığını bildirib.

“Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir”. Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədov münasibətlərin möhkəmləndirilməsində dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı  səfərləri və görüşlərinin mühüm rolunu qeyd etdi. Bildirdi ki, əməkdaşlıq üçün yaxşı hüquqi baza da yaradılıb. İndiyədək ölkələrimiz arasında 44 sənəd imzalanıb. Bunların sırasında 2014-cü ildə imzalanan Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyənnamə xüsusi əhəmiyyət kəsb edir. İtaliya Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşıdır. Oqtay Əsədov parlamentlərarası əməkdaşlığı da yüksək qiymətləndirərək ölkəmizin sürətli inkişafından, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışdı. “Zəngin mədəniyyətə və ənənələrə sahib Azərbaycanda olmaqdan çox məmnunam” deyən, İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati Bakıya səfərinin tarixi əhəmiyyət daşıdığını bildirdi. İtaliya Senatının sədri ölkəmizin sahib olduğu parlamentarizm ənənələrindən də məmnunluqla söz açaraq dedi ki, Azərbaycan Şərqdə ilk demokratik respublika quran, bizdən çox-çox əvvəl qadınlara seçki hüququ verən ölkədir. Diqqətə çatdırdı ki, İtaliya Azərbaycana ən sadiq tərəfdaş ölkələrdəndir. Qonaq Azərbaycanın İtaliyanın enerji təchizatındakı rolunu, ölkəmizin bu sahədə reallaşdırdığı iri neft-qaz layihələrini, həmçinin Heydər Əliyev Fondunun İtaliya mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqəti xüsusi qeyd etdi.

Daha çox xəbərlər