COVID-19: Qadağaların yumşaldılması vətəndaşları arxayınlaşdırmamalıdır
Hazırda dünyanın əsas həyəcan, təlaş və narahatlığı olan koronavirus pandemiyasının yaratdığı fəsadlar səngimədən davam edir. İnsanların sağlamlığı üçün ciddi təhlükə və təhdid mənbəyi olan bu qlobal bəlanın nə zaman bitəcəyi isə hələlik heç kəsə məlum deyil. Artan statistik göstəricilər isə onu göstərir ki, bu tarixin yaxın müddətə təsadüf etməsi hələlik gözlənilmir.
Bu gün bəşəriyyət COVID-19 pandemiyasından xilas olmaq üçün çözüm yolları axtarır. Pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər, ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qaydalara və mübarizə metodlarına nə dərəcədə riayət edilməsi göstərdi ki, yoluxma riski və ölüm faktları müxtəlif ölkələrdə eyni deyil. ÜST-ün statistik məlumatlarına əsasən, dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 18,467,839- a çatıb. Bundan əlavə, bəşəri bəlanın qurbanlarının sayı yetəri qədər də çoxdur. Belə ki, koronavirusdan ölənlərin sayı 697, 876 nəfərdir. Bəşəri bəladan sağalanların sayı isə 11,695,336-dır.
Statistikadan da göründüyü kimi, dünya ölkələri pandemiya ilə mübarizə dövründə yumşalma tədbirləri həyata keçirməyə tələsiblər. Mütəxəssislərin fikrincə, hazırda koronavirusla mübarizə aparmaq üçün ən səmərəli yol məhdudiyyətlərin tətbiq olunmasıdır. Əks halda, hər şey nəzarətdən çıxa bilər. Pandemiya vəziyyətində heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edilə bilməz. Bu gün pandemiyadan ən çox əziyyət çəkənlər inkişaf etmiş ölkələrdir.
Koronavirusun yayılmağa başladığı dövrdən ölkəmizdə də dövlət başçısının tapşırığına əsasən pandemiyanın fəsadlarından əhalinin qorunması istiqamətində zəruri qabaqlayıcı, təxirəsalınmaz və mübarizə xarakterli tədbirlərin görüldüyü danılmazdır. Hər zaman olduğu kimi, pandemiya ilə mübarizə dövründə də dövlət siyasətində, həyata keçirilən tədbirlərin mərkəzində insan amili, vətəndaşların sağlamlığı və sosial rihafının müdafiəsi prioritetlik təşkil edir.
Xaricdən Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi prosesi uğurla davam edir. Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir. Müntəzəm əsasda çarter rejimi üzrə reyslər fəaliyyət göstərir. Belə ki, AZAL aviaşirkətinin çarter reysi ilə Azərbaycan vətəndaşları mərəhləli şəkildə Vətənə gətirilib. Həmin reyslərə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar. Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.
Azərbaycanda koronavirus infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib, aktiv xəstə sayı 4 456-dır. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.
Göründüyü kimi, Azərbaycanda tətbiq edilmiş sərt karantin qaydaları və görülən digər işlər koronavirusa yoluxma sayının azalmasına müsbət təsir edir. Azərbaycanda koronavirusla bağlı son günlər müşahidə edilən vəziyyət ümidvericidir. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində ölkəmizdə sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Yəni, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayının azalmasına nail olunub.
Bildiyimiz kimi, hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib. 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsiilə tərk etmək sistemi ləğv olunur. Bundan başqa, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda isə həftəsonları ictimai nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılacaq. Eyni zamanda, sərt karantinin tətbiq olunduğu müddətdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi, açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi qadağandır. Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadə olunmalıdır.
Bəzi Avropa ölkələrində karantin elan olunsa da, onun tətbiqi üçün şərait yaradılmayıb, bəzi ölkələrdə, ümumiyyətlə, vətəndaşı taleyin ixtiyarına buraxıblar, Azərbaycanda isə belə deyil, karantin rejiminin tətbiqi üçün bütün lazımi şərait yaradılıb. Koronavirusla mübarizə tədbirlərinin nümunəviliyinə görə Azərbaycan başqa dünya ölkələrindən üstün mövqedədir. Təbii ki, koronavirusla mübarizədə nümunəviliyimizi, digər ölkələrlə müqayisədə qazanılan uğuru saxlamaq istəyiriksə , karantin qaydalarına tam məsuliyyətli şəkildə əməl etməliyik. Yəni, hər birimiz vətəndaş olaraq təcrid səylərimizi, məsuliyyətimizi, diqqətimizi artırmalıyıq.
Yoluxma tempinin azalması, sağalanların artması, karantin qaydalarının nisbətən yumşaldılması vətəndaşları arxayınlaşdırmamalıdır. Gigiyenik qaydalara əməl etmək, eləcə də sosial məsafənin qorunması və qoruyucu maskalardan istifadə vətəndaşlar üçün mütləqdir. Hər kəs mövcud karantin qadağalarına əməl edərsə, həmrəy olarsa, şəxsi və sosial məsuliyyətini dərk edərsə, bu cür müsbət tendensiyasını da qorumuş olarıq. Nəticə etibarilə pandemiya ilə mübarizə dönəmindən daha az itkilərlə, üzüağ çıxa bilərik. Hər birimiz bu gözəgörünməz düşmənlə lazımi səviyyədə mübarizə aparmalıyıq ki, sonda qələbə çala bilək.
Unutmamalıyıq ki, bəşəri kabus hələ də aramızda dolaşmaqda, fəlakətlər yaratmaqda, insan həyatını riskə atmaqda davam edir. Qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən daha da sərtləşdirilməsi lazım gələcək. Həyata keçirilən tədbirləri, işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin bütün qaydalarına riayət etmək başlıca zərurətdir.
Yaqut Ağaşahqızı, “İki sahil”

