Azərbaycanda senzuranın ləğvindən 22 il keçir
Ulu Öndər milli mətbuatın inkişafı yolunda çox ciddi maneələri aradan qaldıran böyük dövlət xadimi idi
Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində mətbuatın xüsusi rolu vardır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanı xüsusilə qiymətlidir. Həmin Fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısı modeli təqdim edilmişdir. Bu da bir əhəmiyyətli faktdır ki, Ümummilli Lider Azərbaycana rəhbərliyi dövründə nəinki senzuranı ləğv etmiş, həm də azad mətbuatın inkişafının qarantı olmuş, milli mətbuatımızın peşəkarlığının artırılmasına təkan vermişdir.
Bəli, senzura yaradıcı insanlar üçün bir buxov,mətbuat azadlığının inkişafında çox ciddi maneə idi. Əslində, senzura dövlət sirrini yaymamaq üçün nəzərdə tutulsa da ideologiyaya işləyirdi. Ulu Öndərin senzuranın ləğvi ilə bağlı məlum Fərmanı çox vaxtında verilmiş düzgün qərar idi. Xüsusilə vurğulamaq lazımdır ki, postsovet ölkələri sırasında ilk dəfə Azərbaycan senzuranı ləğv etdi. Məhz bu amil MDB məkanında demokratik mətbuatın inkişafında ən dəyərli addım kimi qiymətləndirildi.
Senzuranın ləğvindən sonra mətbuatda tamam başqa ab-hava yarandı. Jurnalistlərə geniş azadlıq və müstəqillik verildi. Bu isə peşəkar jurnalistləri cəmiyyət qarşısında daha məsuliyyətli olmağa sövq etdi. Yəni, vicdanlı, qərəzsiz və obyektiv jurnalistikaya daha geniş meydan verildi.
Bu da önəmli faktdır ki, məhz senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisi götürülmüş, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu tamamilə azaldılmışdır.
1999-cu ildə «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi qəzet, jurnal təsis etmək işini xeyli asanlaşdırdı. 2001-ci ildə ölkədə kütləvi informasiya vasitələrinə dövlət qayğısının yüksəldilməsi haqqında verilən fərman və sərəncamlar mətbuata göstərilən qayğının həcmini daha da artırmışdır. Bunun nəticəsi olaraq 2002-ci ildə ümummilli lider Heydər Əliyev «Jurnalistlərin dostu» elan edilmişdir.
Ulu Öndərin mətbuata dövlət qayğısı istiqamətində həyata keçirdiyi siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi son 17 ildə mətbuatın 130, 135, 140 və 145 illlik yubileyləri yüksək səviyyədə keçirildi.
Bir sözlə, həm mətbuatımızın yubileylərinin yüksək səviyyədə keçirilməsi, həm də əlamətdar yubileylər ərəfəsində mətbu orqanlara güzəştli kreditlərin ayrılması dövlətin mətbuatın inkişafında maraqlı olduğunu bir daha təsdiqləmişdir. 2005 –ci ildə isə Prezident İlham Əliyev «Əməkdar jurnalist» fəxri adının təsis edilməsi barədə Fərman imzaladı. Həmin il bir neçə jurnalist bu fəxri adla təltif edildi.
Bu gün milli mətbuatımızın üzərinə düşən çox mühüm vəzifələrdən biri də liberal iqtisadiyyatda bazar münasibətlərinin bərqərarlaşdığı dövrdə milli-mənəvi dəyərləri qorumaqdır. Bu istiqamətdə Azərbaycan dövlətinin mövqeyi birmənalıdır və Prezident İlham Əliyev çıxışlarının birində demişdir: «Biz milli-mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verə bilmərik…»
Əslində, bu gün Azərbaycan dövləti güclü KİV-in olmasında maraqlıdır. Ona görə ki, nüfuzlu televiziya və mətbuatı olan ölkədə dövlət mövcud nöqsanları görür və həllinə nail olur. Bu prinsipi ümummilli lider Heydər Əliyev cox yüksək qiymətləndirərək bildirmişdi: «Mənə məlum olmayan nöqsanları araşdırıb göstərən jurnalistə minnətdar olaram.» Eyni prinsip Prezident İlham Əliyev və onun siyasi komandası tərəfindən əhəmiyyətli şəkildə dəyərləndirilir. Xüsusilə Azərbaycan hökuməti qərəzsiz və obyektiv tənqidə dərhal reaksiya göstərməklə mətbuatın cəmiyyətdəki nüfuzuna yeni stimul verir.
Azərbaycan dövlətinin mətbuatın inkişafında maraqlı olması onun bu sahəyə göstərdiyi qayğıdan daha aydın görünür. Son 20 ildə mətbuata göstərilən dövlət yardımı hər il davamlı olaraq artır. Hər il qəzet redaksiyalarına ayrılan maliyyə yardımı, o cümlədən Milli Mətbuat Günü ilə ələqədar peşəkar jurnalistlərin fəxri adlarla təltif edilməsi, ən nəhayət Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə qəzetlərin, hətta müxalifət mətbuatının, eyni zamanda, fərdi jurnalist yazılarının qiymətləndirilməsi bu sahədə çox böyük hadisədir. KİV-ə göstərilən bu tip yüksək dövlət dəstəyi heç bir ölkədə mövcud deyildir. Bununla da Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu bir daha göstərir. Həmçinin dövlət bu faktla mətbuatın cəmiyyətdəki yerini də yüksək dəyərləndirmiş olur. Təbii ki, Azərbaycan dövləti bu yardımları həyata keçirməklə qəzet redaksiyalarının başqalarından asılılığına son qoymağa çalışır ki, bu da nəticə etibarilə qərəzsiz və obyektiv jurnalistikanın inkişafına şərait yaradır. Daha önəmli nüans odur ki, xalqımızın dilini, tarixini, milli- mənəvi dəyərlərini, əxlaqını qoruyan, eyni zamanda, ona yeniliyi, modern demokratik meyarları da aşılayan milli mətbuatdır. Son bir neçə ildə Azərbaycanda demokratik dəyərlərin inkişafında, seçki maarifçiliyinin təbliğində önəmli rol oynayan ölkə KİV-lərinin bundan sonra da vətəndaş cəmiyyəti quruculuğundakı yeri yüksəklərdə olacaqdır. Ona görə ki, ölkəmizdə peşəkar mətbuat işçiləri formalaşır və onların ictimai rəyə təsir imkanları artır. Ən mühüm dövlət qayğısı isə jurnalistlərin mənzillərlə təmin edilməsi oldu. 2013-cü ildə 156 mənzilli, 2017-ci ildə 256 mənzilli binalar inşa edilərək jurnalistlərin istifadəsinə verildi. Bununla da jurnalistlərə mənzil verilməsi təcrübəsi ilk dəfə Azərbaycanda tətbiq edildi. Artıq 3-cü bina da tamamilə hazırdır.
Mənzil alan jurnalistlər arasında müxtəlif siyasi baxışlara malik insanların olması isə bir daha təsdiqləmişdir ki, ölkəmizdə cəmiyyətin inkişafında, Azərbaycanın uğurlarının və həqiqətlərinin dünyaya yayılmasında xüsusi rolu olan jurnalistlər arasında ayrı-seçkiliyə yol verilmir. Bu gün Azərbaycanda söz və mətbuat azadlığının hüquqi təminatını təşkil edən mükəmməl qanunvericilik bazası mövcuddur. Eyni zamanda, ölkəmizdə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin bu sahədəki siyasətinin əsas xəttini təşkil edir.
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Hazırda ölkədə 4500 -dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydə alınmışdır. Çoxsaylı gündəlik, həftəlik və aylıq qəzetlər nəşr olunur. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qəzet təsis etmək, yazılı media ilə məşğul olmaq üçün heç bir dövlət orqanından icazə almağa ehtiyac yoxdur. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəricisidir.
Bundan başqa, söz və mətbuat azadlığından kifayət qədər geniş yararlanan jurnalistlər son 5 ildə onlarla onlayn mətbuat orqanı yaratmışlar.
Elçin Zaman, «İki sahil»

