Sosial 

Vətəndaşların rifahı və sağlamlığı prioritetdir

Koronavirus pandemiyası ilə bağlı son vəziyyət göstərir ki, bu problemə qarşı mübarizə növbəti ildə də davam edəcək. Artıq dünya dövlətləri gələn il ərzində bu bəlaya qarşı mübarizə üçün böyük həcmdə vəsaitlər ayırmağı planlaşdırırlar. Yeri gəlmişkən qeyd edək ki, Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına görə, Azərbaycan növbəti ilin dövlət büdcəsindən COVID-19-la mübarizəyə 600 milyon manat vəsait ayırmağı proqnozlaşdırıb.

Amma ekspertlər bildirirlər ki, payız-qış mövsümündə virusun ikinci dalğası başlasa sərf ediləcək vəsaitin həcmi həm dünyada, həm də Azərbaycanda artacaq. İndilikdə isə görülən tədbirlər nəticəsində ölkəmizdə koronavirus xəstələrinin sayı azalmaqdadır. Amma təbii ki, bu rəqəmlərə istinad edib rahatlaşmaq ciddi problemlər yarada bilər. Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. İndi dövlət bütün ehtimalları nəzərə alaraq modul tipli xəstəxanalar inşa edir. Hətta bu gün mövcud xəstəxanalardakı yerlərlə yanaşı, iki Olimpiya İdman Kompleksi də koronavirus xəstələri üçün ayrılıb və orada 300-dən 500-ə qədər çarpayı var. Ehtiyac yaranarsa, qısa müddətdə əlavə olaraq 1400 çarpayılıq 7 modul tipli xəstəxananın da tikintisi həyata keçirilə bilər.

Bunlarla yanaşı, ölkəmizdə laboratoriyaların sayı 45-ə çatdırılıb və 1 milyona yaxın  test keçirilib. Görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur formalaşdırıb. Lakin bütün bunlar hələ də məsələnin tam həlli deyil. Yuxarıda qeyd olunduğu kimi, gələn il də Azərbaycan pandemiyaya qarşı böyük həcmdə vəsait ayırmağı nəzərdə tutur.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas xüsusiyyətlərdən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir. Həmçinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb. Amma təkcə Azərbaycan yox, digər ölkələr də virusa qarşı mübarizə üçün indidən tədbirlər görürlər. Özü də nəzərə almaq lazımdır ki, hazırda iqtisadi fəallığın aşağı düşməsi, eyni zamanda, bir çox xidmət sahələrində, o cümlədən turizm, logistika, təhsil sahələrində məhdudiyyətlərin tətbiq olunması nəticəsində dünya iqtisadiyyatında ləngimə yaşanır. Bu da dövlətlər üçün əlavə çətinliklər yaradır. Bu durumda bəzi ölkələrin virusa qarşı mübarizə imkanları daralır. Amma görünən budur ki, Azərbaycan hələlik belə problemlə üzləşməyib.

Azərbaycanda pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün əməli addımlar atılır. Pandemiyanın təsirlərinin minimallaşdırılması, xüsusilə də xəstəliyin vətəndaşların sağlamlığına təsirlərinin azaldılması, iqtisadi məsələlərin mərhələli şəkildə həlli Azərbaycan dövləti üçün prioritet hədəflərdəndir.

Həm rəsmi statistika, həm də pandemiyanın təsirlərinin minimallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər ötən müddətdə Azərbaycanın praktiki olaraq pandemiya ilə əlaqədar qarşıya qoyulan hədəflərə çata bildiyini göstərir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasəti birbaşa olaraq vətəndaşların sağlamlığının qorunmasına yönəldilib. Pandemiya şəraitində, təbii olaraq, müəyyən iqtisadi çətinliklər də yaşanır. Amma buna baxmayaraq, ölkəmiz pandemiyanın iqtisadi sahəyə təsirlərinin minimallaşdırılması ilə bağlı əməli tədbirlər həyata keçirir. Məsələn, bu ilin 7 ayında ölkədə iqtisadi azalma 2,8 faiz olub. Rusiyada isə bu rəqəm 8,5 faiz təşkil edir. Bu ilin ikinci yarısında Böyük Britaniyada iqtisadiyyat 24 faiz geriləyib və bu, son 10 ildə ilk belə hadisədir. Avropanın bir sıra digər ölkələrində iqtisadiyyatda geriləmə ikirəqəmli həddədir. ABŞ-da isə bu rəqəm 20 faiz təşkil edir. Müqayisələr onu deməyə imkan verir ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə müqayisədə Azərbaycanda pandemiyanın təsirlərinin minimallaşdırılması mümkün olub.

Cavid Əkbərov“İki sahil”

Daha çox xəbərlər