“Evim Ağdam məscidinin arxasında yerləşir. Dağıntıları görəndə ürəyim kədərlənir, bərpa işlərini görəndə isə fərəh duyuram. Zəhmət çəkən oğulların əziyyəti yerdə qalmadı”.
Bunu Musavat.com-a Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xanımı Validə Bağırova deyib. O bildirib ki, Ağdamın bərpasından sonra ora köçən ilk sakinlərdən olub.
“Bizə Ağdamda ikiotaqlı ev verilib. Qızım Zümrüd, nəvəm Əli və mən birlikdə yaşayırıq. Zümrüdün təyinatı Ağdama verilib, burada çalışır. Mən isə iyunun 12-dən gəlmişəm. Bakıda bağçada müəllimə işləyirəm. İndi məzuniyyətdəyəm deyə rahat gəlib qala bilirəm. Ağdamda bağça yaradılandan sonra birdəfəlik buraya köçəcəyəm. Bizim əvvəlki evin yerində indi Ağdam bağçası tikilir. Qızlarım Ağdamı çox sevirlər. Övladım Aynur tibb işçisidir, xəstəxana tikilsə, o da gəlib burada işləyər. Allahverdinin qəbrini qoyub gedə bilmərik”.
Validə Bağırova həyat yoldaşının qəbirüstü abidəsindən də danışıb:
“Allahverdinin qəbirüstü abidəsinin qoyulması ilə bağlı bizdə məlumat yoxdur. Biz də gözləyirik. Millət vəkili Ağalar Vəliyev onun büstünü hazırladıb. O da heç yerə qoyulmayıb.
Həmin büst onu düzəldən şəxsin emalatxanasında qalıb. O, qəbirüstünə də qoyula bilər. Ağdamın hansısa hissəsində də ucaldıla bilər. Bu, dövlət tərəfindən olmalıdır, bizə icazə verilmir”.
