Magistrlər ilbəil AZALIR – səbəblər

Magistraturaya qəbul imtahanının nəticələri əsasında məzunları ən yüksək və ən zəif nəticə göstərən təhsil müəssisələrinin adı açıqlanıb. Cebhe.info yazıb ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc edilən 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda yer alıb.
Hesabata əsasən, ən yüksək nəticəni Bakı Ali Neft Məktəbinin, ən zəif nəticəni isə Azərbaycan Milli Konservatoriyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunları göstərib. Qeyd edək ki, son illər magistarura təhsilinə maraq azalır. Gənclər bunun səbəbini müxtəlif amillərlə izah edirlər.
Maraqlıdır, magistratura imtahanlarında yüksək nəticə göstərən universitetlərin sayının azlığı qəbul imtahanların çətinliyi, yoxsa ali məktəblərdə tədrisin zəif olması ilə bağlıdır?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Musavat.com-a danışıb. Təhsil ekspertinin fikrincə, Bakı Ali Neft Məktəbinin (BANM) magistratura imtahanlarında ən yüksək nəticə göstərməsinin əsas səbəbi məhz bu ali məktəbə bakalavr pilləsi üzrə yüksək balla, əsasən 600-dən yuxarı nəticə ilə qəbul olan abituriyentlərin universitet təhsili müddətində də öz akademik göstəricilərini qoruyub saxlamalarıdır: “Əksinə, Konservatoriya və Xoreoqrafiya Akademiyası kimi təhsil müəssisələrinə, xüsusilə 5-ci ixtisas qrupu üzrə, daha aşağı ballarla – 30, 60, 70, maksimum isə 170-180 balla qəbul aparıldığı üçün həmin ali məktəblərdə təhsil alan tələbələrin ümumi akademik göstəricilərinin də nisbətən aşağı olması təbii hesab edilməlidir. Statistik göstəricilərə nəzər saldıqda da bu mənzərə aydın görünür. Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, eləcə də Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali təhsil müəssisələrinin məzunları magistratura imtahanlarında daha yüksək nəticələr nümayiş etdirirlər”.
Elçin Əfəndi ümumilikdə magistratura təhsilinə marağın azalması səbəblərindən də danışıb: “Son illərdə magistratura təhsilinə müraciət edənlərin sayı 23-25 min nəfər arasında dəyişir. Bu göstərici ciddi azalmanın olmadığını, əksinə, magistratura səviyyəsinə marağın ümumilikdə normal səviyyədə qorunub saxlandığını göstərir.
Nəticələrin ümumilikdə çox yüksək olmamasının əsas səbəbi isə imtahan formatında tətbiq edilən yeniliklərlə bağlıdır. Məsələn, esse yazısının tələb olunması, eləcə də növbəti ildən danışıq bloku üzrə qiymətləndirilmənin nəzərdə tutulması kimi dəyişikliklər imtahan nəticələrinə birbaşa təsir göstərən amillər sırasındadır. Digər tərəfdən, tələbələr magistratura imtahanını konkret ixtisas fənləri üzrə deyil, yalnız məntiq, informatika və xarici dil üzrə verdikləri üçün mövcud nəticələrə əsaslanaraq ali məktəblərdə ixtisas tədrisinin keyfiyyətini zəif adlandırmaq doğru olmazdı. Başqa sözlə, nəticələrdə müşahidə olunan dəyişikliklər ali təhsil müəssisələrindəki ixtisas hazırlığından daha çox, qəbul imtahanlarının formatında aparılan yeniliklərlə əlaqədardır“.