Siyasət 

Prezidentin Qarabağa səfəri Ermənistan üçün ciddi bir çağırış idi

Məlum olduğu kimi, sentyabrın 27-də ermənilərin növbəti əks-hücum əməliyyatları ilə başlayan Qarabağ savaşı nəticəsində işğal altında olan ərazilərimizin azad olunması, Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanatın qüvvəyə minməsi böyük Qələbəni gerçəkləşdirdi.

Belə ki, ard-arda Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının, Şuşa şəhərinin və 300-dək yaşayış məntəqəsinin işğaldan azad edilməsi Qələbəyə gedən yolumuzu açdı. Son 30 il ərzində erməni faşistlərinin torpaqlarımızda həyata keçirdiyi işğalçılıq siyasətinə müzəffər ordumuz tərəfindən son qoyuldu və bununla da düşmən təslim oldu.

Bu günlərdə Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər belə etmələri isə yeni bir fədəkarlıq nümunəsidir. Bununla da çox riskli addımı ilə Ali Baş Komandan xalqın yanında olduğunu bir daha ortaya qoydu.  İşğaldan azad edilmiş torpaqlara gedən Prezident İlham Əliyev oradan bütün dünyaya yeni bir mesaj verdi. Azərbaycan xalqı tarixi torpaqların sahibidir və  bu gün onun sahibləri bu torpaqlarında rahat və qorxusuz gəzə bilər. Bu həm də Azərbaycan dövlətinin gücünün, haqq savaşında qalibiyyətinin təntənəsi idi.

Hətta Ali Baş Komandan, cənab  İlham Əliyev erməni tapdağından təzəcə qurtarmış əzəli torpaqlara getməsi ilə buraya qayıtmaq istəyən xalqın  inamını və arzusunu  dəfələrlə artırmış oldu. Prezident bu tarixi səfəri ilə erməni vandalizminin sifətini də beynəlxalq ictimaiyyətə göstərdi. Həm də bütün dünyaya böyük bir çağırış edildi. “Görün, ermənilər necə vəhşiliklər törədiblər, bir dənə də olsun salamat tikili belə qoymayıblar, tarixi abidələri, hətta qəbiristanlıqları belə “eşiblər”. “Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar” söyləyən Prezident İlham Əliyev bildirib: “Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün bunları bərpa edəcəyik”.

Bu gün də vəhşiliklərindən çəkinməyən, Kəlbəcərdən və Ağdamdan çıxarkən evləri, meşələri yandırıb viran qoyan ermənlərin vandal  xislətini, yaramaz əməllərini bütün dünya görür. Bütün bunlara baxmayaraq, doğma yuvalarını tərk edəndə bir ovuc torpaq götürüb, qışın qar-çovğununda günlərlə ayaqyalın, başıaçıq yol gedib canını qurtaran azərbaycanlıları onlarla müqayisə etmək tarixi haqsızlıq olardı. Bütün bunları bilə-bilə Azərbaycan dövləti yeni bir humanizmi ilə Kəlbəcərdə məskunlaşdırılmış ermənilərə daha 10 gün də vaxt verdi ki, murdar ayaqları müqəddəs torpaqlarımızdan birdəfəlik kəsilsin.

Göründüyü kimi, Prezident İlham Əliyevin Qarabağa tarixi səfəri hərbi kapitulyasiyaya məruz qalan, tənəzzülə uğrayan, amma yerdə qalan üç rayondan çıxmamaq üçün bəhanələr axtaran və bəyanatdakı öhdəliklərinə əməl etməməyə çalışan Ermənistan üçün də ciddi bir çağırış idi. Hətta bir il bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçirilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan üçün böyük bir dərs oldu. Belə ki, Qarabağ uğrunda gedən döyüşlərdə qorxaqcasına təslim olan Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olub, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır. Bununla müqayisədə, yəni, Ermənistanda öz xalqından gizlənən baş naziri gördüyümüz zaman Azərbaycanda siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə Qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident bu səfəri ilə həmin nidanı qoymuş oldu. Dövlətin və xalqın qarşılıqlı dəstəyi ölkəmizə daim güc verir. “Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyən dövlətimizin müdrik başçısı dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Odur ki, xalq da həmişə öz dövlətini, öz liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi isə milli birliyimizin səbəbi oldu. Bu gün işğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Bütün bunlar xalq-iqtidar birliyinin daha bir göstəricisidir. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır.

Mənsumə Babayeva, “İki sahil”

Daha çox xəbərlər