Siyasət 

Vaşinqtonda ABŞ-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı ilə bağlı müzakirələr keçirilib

ARANTV.AZ xəbər verir ki, Vaşinqtonda ABŞ-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığı ilə bağlı müzakirələr keçirilib. Tədbirdə enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələrə ABŞ tərəfindən böyük maraq göstərildiyi vurğulanıb.

Daniel Morqan adına Milli Təhlükəsizlik İnstitutunda “ABŞ-Azərbaycan-Gürcüstan: Üçtərəfli əməkdaşlığın qlobal və regional perspektivləri” mövzusunda tədbir keçirilib. “Cənubi Qafqaz yol ayrıcında: Regional sabitlik üçün çağırışlar” adlı paneldə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Gürcüstan və Türkiyə ilə üçtərəfli strateji əməkdaşlıq əlaqələrinin qurulduğunu, davamlı olaraq Xarici İşlər və Müdafiə nazirləri səviyyəsində görüşlərin keçirildiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin Gürcüstan və Türkiyə Prezidentləri ilə qurduğu şəxsi dostluq münasibətlərinin üç dövlət arasında əlaqələrin daha da inkişafına gətirib çıxardığını bildirib. Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze regiondakı sabitliyin qorunması məqsədilə hər iki ölkənin eyni mövqedən çıxış etdiyini diqqətə çatdırıb. Gürcüstanın Azərbaycanla enerji və nəqliyyat sahələrində də yaxından əməkdaşlıq etdiyini qeyd edən səfir bu sahələrdə həyata keçirilən layihələrə ABŞ tərəfindən də böyük maraq göstərildiyini vurğulayıb. “Azərbaycan-Gürcüstan: Avropa və Asiya arasında enerji və ticarət üçün strateji körpü” adlı ikinci paneldə çıxış edənlər Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Daha çox xəbərlər