Siyasət 

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”

Heydər Əliyev siyasətini  bütün sahələrdə  uğurla davam etdirən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev çoxəsrlik tariximizə Zəfər Gününü yazmaqla yanaşı, xalqımıza Qələbə paradının sevincini yaşatdı

İkinci Qarabağ müharibəsində  Azərbaycanın  tarixi Qələbəsindən sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl  səfərləri, həmin torpaqlarımızda yeni həyatın başlanması üçün biri-birindən əhəmiyyətli addımların atılması,  Zəfər Günümüzün təsis edilməsi barədə Sərəncamı, xalqa müraciətlərində böyük inamla qeyd etdiyi vədinə uyğun olaraq ölkəmizdə Qələbə paradının keçirilməsi dövlətimizin başçısının 30 ilin nisgilinə son qoymasından, həllini gözləyən münaqişənin artıq haqqın-ədalətin bərpası ilə başa çatmasından,  hər bir vədinin arxasında konkret əməli işin dayanmasından sevinc hisslərini nümayiş etdirir. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması, ünvanına göndərilən saysız-hesabsız təşəkkür və minnətdarlıq məktubları xalqın öz Liderinə, Müzəffər Sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.

Son   17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla Prezidentin  birliyi dayanır.

Dövlətimizin başçısı İlham Əliyevin 17 illik  fəaliyyətinin əsasında da  xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək amalı durur. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı  uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan  Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri ilə bir daha müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ona olan etimadını, inamını bütün istiqamətlərdə doğrultduğunu, ən əsası Daşlıq Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını ifadə etdi. Həmin müraciətdə bu fikirlər də öz əksini tapmışdır ki, dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram.  Nə qədər gözəl sözlər deyilir, nə qədər böyük dəstək göstərilir: “Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq!”

“Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 ildə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir: “Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.”

Cənab İlham Əliyevin 30-a yaxın xarici mətbuata müsahibələrinin hər birində dövlət maraqlarının hər şeydən üstün tutulduğu, xalqın iradəsinə əsaslanan siyasətin həyata keçirildiyi, ən ümdəsi Azərbaycanı bugünkü inkişafa, tərəqqiyə gətirib çıxaran, imzaların arasında imzalarını tanıdan, dünyada müstəqil dövlət kimi varlığını təsdiqləyən Heydər Əliyev siyasətinə sadiqlik xüsusi qeyd edilir.  Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində “Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıq tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz” sualına cavabını xatırlatmaq istərdik: Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir… Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

Dövlətimizin başçısı İlham Əliyev son 17 ildə  xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, Azərbaycan iqtisadi möcüzələr, ən  islahatçı ölkə kimi tanınıb,  insanların sosial  rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.  Bu fikir böyük inamla qeyd edilir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa siyasi və iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ilə regional inkişafın  aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Azərbaycan son 17 ildə yeni dostlar, tərəfdaşlar qazanıb. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ilbəil artır.  Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə regionda yeni əməkdaşlıq formatları formalaşıb, düyanın yeni xarici siyasəti ölkəmizdə müzakirə olunur.

Azərbaycanın 2011-ci ildə  155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycan istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu atdığı hər bir addımında təsdiqləyir.

2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev  xalqı müraciət edərkən bildirmişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, cənab İlham Əliyev son 17 ildə uğurlu addımları ilə bu etimadı doğrultdu, Azərbaycanı yüksək zirvələrə qaldırdı, ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Azərbaycanın yerləşdiyi coğrafi  məkan dövlətlər, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan sabitləşdirici və birləşdirici faktor kimi mövqeyini cari ildə, xüsusilə dünyanın COVID-19-la mübarizə apardığı bir dövrdə bir daha nümayiş etdirdi.

Son 17 ildə cənab İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini hər addımda təsdiqləyir.  2003-cü ildə keçirilən andiçmə mrasimində  cənab İlham Əliyev  ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirərək  Heydər Əliyev siyasətinə sadiq qalacağını  bəyan etmişdir: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

17 il  ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlarla da xarakterikdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb.  Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 52 milyard dollara çatdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan bu gün dünyada beynəlxalq əhəmiyyətli  layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib.  Cari ildə TAP layihəsi ilə bağlı işlər başa çatacaq. 2017-ci ildə  “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib.

Neft gəlirlərinin düzgün idarə olunması nəticəsində qeyri-neft sektorunun inkişafı daha da sürətləndirilib.  Regionların inkişafına dair 3 Dövlət Proqramı icra olunub, dördüncü proqramın icrası davam edir. Son 17 ildə 2 milyona yaxın yeni iş yeri yaradılıb ki, bunların da böyük əksəriyyəti regionların payına düşür.

Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. Üç pekimiz orbitə buraxılıb.

Şübhəsiz son 17 ilin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ən böyük uğurumuz 30 ilin nisgilinə son qoyulması, ərazi bütövlüyümüzün təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq «Dağlıq Qarabağ münaqişəsi» termini yoxdur.

Azərbaycana bu uğuru qazandıran dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrətidir. Ordumuz  dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdığını bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb.  Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.  Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında  Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi.

2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsi  Azərbaycan Ordusunun malik olduğu imkanları bir daha dünyaya nümayiş etdirdi. Ordumuzun 300-ə qədər kəndi,  5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı- Zəfər tarixini. Cənab İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycanın bayramları sırasına daha bir möhtəşəm, unudulmaz tarix əlavə olundu. Bu tarixi xalqımız 30 ilə yaxın idi ki səbirsizliklə gözləyirdi. Dekabrın 10-da  Vətən müharibəsində Qələbəmiz münasibətilə Qələbə paradı keçirilir.  Bu parad müstəqillik tariximizin şanlı Qələbə paradıdır. Gözün aydın, Azərbaycan! Zəfər Günümüzün, Azərbaycan Ordusunun qalibiyyətinin dünyaya təqdimatı olacaq bu parad xalqımız üçün qürurverici, böyük xoşbəxtlikdir. Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna! Zəfərin mübarək, Azərbaycan! Bu Qələbə ilə məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdin.

Yeganə Əliyeva, «İki sahil»

Daha çox xəbərlər