Siyasət 

“Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

ARANTV.AZ xəbər verir ki, Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix İnstitutunda “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Tədbir Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiyinə həsr olunub.

100 il əvvəl yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolu danılmazdır. “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda belıə deyildi. AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışdı. Qeyd etdi ki, Xalq Cümhuriyyəti dövründə müsəlman Şərqində qadınlara ilk dəfə seçki hüququ verilib. İrqindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Vurğulandı ki, Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran şöbə fəaliyyət göstərir. Burada çoxsaylı sanballı əsərlər, ikicildlik ensiklopediya nəşr edilib. “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin sədri Tofiq Mustafazadə və digərləri bildirdilər ki, Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindəndir. Türkiyə, Rusiya, Albaniya, Özbəkistan, Ukraynadan gələn alimlərin də iştirak etdiyi konfrans dekabrın 1-dək başa çatacaq.

Daha çox xəbərlər