Surqut şəhərinin aeroportu azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq
ARANTV.AZ xəbər verir ki, Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı- Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq. Bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub. Səsvermədə 5 milyona yaxın rusiyalı iştirak edib. Fərman Salmanov Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. Onun adı Sibirin neft yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.

