Uşaqlara vətənpərvərliyi kiçik yaşlardan necə öyrədək? – Tərbiyəçi müəllim açıqlayır
Bu gün 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və yeni il bayramıdır. Təbii ki, bu il böyük əksəriyyətimiz bayram keçirtmək əhval-ruhiyyəsində deyilik. Sadəcə olaraq, bir tərbiyəçi müəllimə kimi demək istədiklərim var.
İşlədiyim 32 illik təcrübəm müddətində daim fidan balalarımızla müxtəlif məzmunlu ekskursiyalar, bayram tədbirləri, müsabiqələr, yarışlar və bir sıra layihələri yüksək səviyyədə təşkil etməyə çalışmışam. Bunları həyata keçirəndə qarşıma iki əsas məqsəd qoymuşam. 1 ci məqsədim vətənimiz, dövlətimiz üçün vətənpərvər, mərd, igid, rəşadətli, sədaqətli, fədakar övladlar tərbiyə etmək.

İkinci məqsədim isə qiymətli əmanətlərini bizə etibar edən valideyinlərin etimadını qazanmaq olmuşdur. Çünki hər bir valideyn arzu edir ki, övladı bağçaya böyük həvəslə, arzu və istəklə gəlsin. Uşağın təhsil və tərbiyəsinin vacib mərhələlərindən biri məktəbəqədər dövrdür. Ona görə də mən və mənim kimi neçə- neçə tərbiyəçi müəllim də bu dövrdən başlayaraq, uşaqlara vacib əxlaqi normaları aşılamağa çalışırıq.
Vətənpərvərlik kiçik yaşından başlayır. Uşaq böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır, formalaşır. İstər birici, istərsə də ikinci Qarabağ müharibəsində bir daha bunun şahidi olduq. Bu müharibədə biz birləşməyi, bir olmağı bacardıq.
Yayılsın hər yana bizim səsimiz. Birləşək, qoy qorxsun düşmənlərimiz.
Balaca olsaq da bunu bilirik.
Gücümüz bir olsa, qalib gələcəyik.
Həmişə uşaqları bu ruhda tərbiyələndirmişəm. Biz Ali Baş Komandanımızın rəhbərliyi altında həyata keçirtdiyimiz uğurlu siyasətlə qalib ğəldik. Dünya azərbaycanlıları da bu işdə bizə böyük dəstək oldu. Bir olmağımızın bəhrəsi o idi ki, bu birliyn sayəsində vətən torpağına biz hələ körpə yaşda tərbiyə etdiyimiz üşaqların içərisində Polad Həşimovları, Mübariz İbrahimovları, Xudayar Yusifzadələri, Şükür Həmidovları yetirdik. Bu, təbii ki, bizim birliyimizin, vətənə olan məhəbbətimizin bariz nümunəsi oldu. 44 günlük Qarabağ müharibəsində şəhidlərimiz bunu qanlarıyla, canlarıyla sübut etdi.

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31 də milli həmrəylik gününü qeyd edir. Bu bayram ildən ilə əhatə coğrafiyasını daha da genişləndirir. Ürəklərdə vətən sevgisi , vətən eşqi, milli mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstəklənir.
Üzümü tutub bütün dünya Azərbaycanlılarına səslənirəm. Gəlin, bir olaq, birləşək!
Aidə Əzizova
Nərimanov rayonundakı 69 saylı Körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi,
“Təhsildə keyfiyyət ilində” ilin pedaqoji mühazirəsi müsabiqəsinin qalibi

