Cəbhə xəttinə yaxın kəndimizdə şəhidlərimizə xatirə abidəsi ucaldıldı
Kəndin 27 şəhidindən 12 hərbi qulluqçusunun şəkili abidənin üzərində əks olunub.
ARANTV.AZ xəbər verir ki, Tərtər rayonunun Qapanlı kəndində şəhid abidəsinin açılışı olub. Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qarabağ əlil və qaziləri , kənd camaatı iştirak ediblər.
Kənd sakini Zaur Hətəmov bildirib ki, abidə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Zülfüqar Qasımovun qardaşı, Qarabağ müharibəsinin iştirakçısı, ikinci qrup Qarabağ əlili Etibar Qasımovun şəxsi vəsaiti hesabına inşa edilib.”Etibar özüdə döyüşlərdə iştirak edib.İki dəfə ağır yaralanıb.Elə imkanlı adamda deyil. Çətinliklə də olsa vəsaiti ondan olmaqla, bizim də usta, ya fəhlə kimi işləməyimizlə xatirə abidəsini başa gətirdik. Etibar Qasımovun özü istəmədi ki, ona hardansa dəstək olsun.Kəndimizdən bir çox imkanlı şəxslər var idi ki, yardımlarını təklif etdilər. Ancaq O, heç birinə razı olmadı. 2500-3000 pul vəsaiti tələb olunurdusa, hamısını özü elədi.”
Zaur Hətəmovun bildirdiyinə görə müharibə başlayandan Qapanlı kəndinin 27 şəhidi olub. Onlardan 12-si hərbi qulluqçu, qalanları isə dinc sakinlərdir.
Qapanlı kəndinin hərbçi şəhidləri, Zülfüqar Qasımov, Vidadi Məmmədov,Mehman Qarayev,Əli Həsənov,Firuz Əzimov,Mehman Cümşüdov,Kərim Allahverdiyev, Qüdrət Ağamalıyev,Qurban Quliyev, Fəqan Həmidovun qara mərmərə həkk olunmuş şəkilləri xatirə abidəsində əksini tapıb.
Qapanlı şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq rəsmi hakimiyyət təmsilçiləri, hərbçilər, keçmiş döyüşçülər,kənd ziyalıları çıxış edərək, vətən uğrunda canından keçənlərin hünər və şücaətlərini yüksək qiymətləndiriblər.
Tədbirdə xeyli sayda hərbçi sayğı duruşunda dayanıb, digər iştirakçılar isə xatirə abidəsinin önünə gül dəstələri qoyublar.
Onu da qeyd edək ki, şəhidlərə ucaldılan abidə ilə erməni hərbçilərinin mövqeləri arasındakı məsafə 1 km məsafə təşkil edir. Bu da həmişəki kimi qapanlıların yüksək əhval-ruhiyyədə olduğunu göstərir.
Musa Muradlı






